Avstriya prezidenti Azərbaycana gələcək
29 Sentyabr 2011 Cümə Axşamı 00:58
Haynts Fişer: “Ölkəsinin inkişafına böyük töhfələr verən şəxs kimi İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov etimadnaməsini Federal Prezident Haynts Fişerə təqdim edib. Azərbaycanın Avstriyadakı səfirliyindən verilən məlumata görə, rəsmi mərasim çərçivəsində Federal Prezidentlə səfir Q.İsrafilovun görüşü keçirilib. Görüşdə iki ölkə arasındakı münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Fişer yaxın gələcəkdə Azərbaycana səfər edəcəyindən böyük məmnunluq hissi duyduğunu qeyd edib. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini vurğulayan H.Fişer Avstriya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti üçün münbit şəraitin yaradıldığını diqqətə çatdırıb. Prezident Fişer Azərbaycan və Avstriya arasında münasibətlərin uğurla inkişaf etməkdə olduğunu qeyd edərək, qarşıdan gələn səfərin iki ölkə arasında gündəmdə duran layihələrin birbaşa müzakirəsi üçün geniş imkan yaradacağını bildirib.
Görüşün sonunda Haynts Fişer beynəlxalq aləmdə yüksək qərarvermə qabiliyyətinə və siyasi nüfuza malik, eləcə də ölkəsinin inkişafına böyük töhfələr verən şəxs kimi tanınan Prezident İlham Əliyevlə görüşünü səbirsizliklə gözlədiyini qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: