Avropa Şurasında azərbaycanlı deputatların sual “atəş”i
22 İyun 2010 Çərşənbə Axşamı 00:45
“Niyə Avropa Şurası nüfuzuna kölgə salan və terrorizmi nümayişkaranə şəkildə müdafiə edən Ermənistanın bu antibəşəri hərəkətinə dözür?”.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün törətdiyi ən müxtəlif fəsadlar daim Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında da diqqət mərkəzində olub. Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski sessiyanın birinci günündə etdiyi hesabat məruzəsindən sonra ənənəvi olaraq deputatların suallarını cavablandırıb.
Avropa Şurası Nazirlər Komitəsi sədrinə ünvanlanan suallardan biri də Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun erməni terrorizmi ilə əlaqədar müraciəti olub. Deputatımız deyib: “Terrorizm bu gün bütün dünyanın, o cümlədən Avropa Şurasının mübarizə apardığı ən arzuolunmaz bəlalardandır. Avropa Şurasının üzvü olan Ermənistan isə terrorizmi dövlət səviyyəsində himayə etməkdə və dəstəkləməkdədir. Bunun əyani sübutlarından biri dünya terror şəbəkəsinin ən məşhur bədnam simalarından biri Monte Melkonyanın Ermənistan dövləti tərəfindən rəsmən milli qəhrəman elan edilməsi, onun abidəsinin qoyulması, adına fond təsis edilməsidir. Avropa Şurası nə üçün nüfuzuna kölgə salan və terrorizmi nümayişkaranə şəkildə müdafiə edən üzv dövlətin bu antibəşəri hərəkətinə dözür?”.
Avropa Şurası Nazirlər Komitəsinin mövqeyini ifadə edən A.Miloşoski bu sualın cavabında deyib: “Terrorizm dünyanın üzləşdiyi ən böyük bəlalardan biridir. AŞ Nazirlər Komitəsi də bütün sənədlərində terrorizmi pisləyir, ona rəvac verən hər hansı ölkəni ciddi tənqidə məruz qoyur. Ona görə də terrorizmin hər hansı ölkədə dəstəklənməsi, ona dövlət səviyyəsində himayə göstərilməsi qəbuledilməz bir haldır və bu cür təzahürlərə qarşı ciddi mübarizə aparılmalıdır. Sizin qaldırdığınız məsələ narahatedicidir və bununla bağlı zəruri addımlar atılmasına ehtiyac var. Avropa Şurasının mövqeyi ondan ibarətdir ki, biz nəinki AŞ-a bağlı ölkələrdə, diqər istənilən dövlətdə də terrorizmin hər hansı şəkildə təzahürünün hər hansı şəkildə dəstəklənməsinə qarşı çıxırıq və bunu qətiyyətlə pisləyirik”.
Deputat Gültəkin Hacıbəyli qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş parlament seçkilərinin nəinki Avropa Şurası, habelə bütün ölkələr və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını qeyd etməklə yanaşı, bu məsələ ilə bağlı Nazirlər Komitəsinə sual ünvanlayıb. Sualda deyilir: “Siz təcavüzkarın qeyri-qanuni hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirdiyi bir vaxtda sülh danışıqlarının perspektivinə necə inanırsınız? Avropa İttifaqının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların birmənalı və qəti mövqeyini nəzərə almadan işğal altındakı ərazilərdə qeyri-qanuni seçkilər keçirən bir rejimlə və bu rejimin təmsilçiləri ilə danışıqların uğuruna necə ümid etmək olar?”
Sədr may ayının 23-də Dağlıq Qarabağda keçirilmiş “seçkilər”lə bağlı istər Avropa Şurasının, istərsə də Nazirlər Komitəsinin öz münasibətlərini bildirdiyini diqqətə çatdırıb, Nazirlər Komitəsinin seçkilərin nəticələrini tanımadığnı, onu qanundankənar hesab etdiyini və tərəfləri belə bir qanunsuz addımlar atmaqdan çəkindirməyə çağırdığını, ATƏT-in Minsk qrupu çərçivəsində davam edən danışıqlar prosesini dəstəklədiyini, münaqişənin həllinin yalnız bu formatda reallaşacağına ümid bəslədiyini bəyan edib.
Digər deputatımız Qənirə Paşayevanın sualı isə bundan ibarət olub: “20 iyun-Dünya Qadınlar Günüdür. Mən qaçqın və məcburi köçkünlərin sayına görə dünyada analoqu olmayan bir ölkənin - Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin müraciətinə Sizin münasibətinizi bilmək istəyirəm. AŞ-ın təməl prinsiplərindən biri insan haqlarının qorunmasıdır. Təşkilatın üzvü olan Ermənistan AŞ-ın üzvü olan digər dövlətin - Azərbaycanın ərazilərini işğal edərək, 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına imkan vermir. Nazirlər Komitəsinin sədri kimi bu insanların pozulan hüquqlarının bərpası istiqamətində hansı addımı atmağı düşünürsünüz?”
Nazirlər Komitəsinin sədri cavabında deyib: “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsinin həlli münaqişənin həllinin əsas tərkib hissələrindən biridir. Eyni zamanda, Nazirlər Komitəsi sədrinin Azərbaycana və Ermənistana səfərləri vasitəsilə AŞ bu sahədə daha səmərəli fəaliyyət göstərməli və tərəflər arasında dialoqun davam etdirilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin probleminin həllinə siyasi dəstək verməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: