Avropa postsovet respublikalarına “quçaq açır”?
30 Sentyabr 2011 Cümə 19:17
Politoloq: “Şərq tərəfdaşlığı” proqramı Avropa Birliyinə üzvlüyə hazırlıqdır”.
“Şərq tərəfdaşlığı” proqramı ikitərəfli görüşlərin keçirilməsi, eləcə də postsovet ölkələri vətəndaşlarının avrozonaya gediş-gəlişinin sadələşdirilmiş qaydalarla aparılması baxımından vacibdir. Bunu ANS-ə açıqlamasında Azərbaycanın Şərq-Qərb Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Bu proqramda assosiativ üzvlükdən söhbət getdiyini deyən politoloq qeyd edib ki, bu, sadələşdirilmiş viza rejiminin tətbiqini, bu ölkələrin vətəndaşlarına iqtisadi- maliyyə əlaqələrində, gömrük nizamlamalarında müxtəlif güzəştləri nəzərdə tutur: “Həmçinin bu ölkələrin qanunvericiliyinin, iqtisadi-siyasi sisteminin Avropa Birliyi standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. Bu isə bu ölkələrin Avropa Birliyinə yaxın gələcəkdə üzvlüyə hazırlanması demək olardı. Bu indi bir qədər qeyri-adi səslənir. Çünki Avropa Birliyində problemlər mövcuddur”.
Qeyd edək ki, Varşavada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçirilir. Avropa Birliyi ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv dövlətlərin rəhbərlərinin iştirak etdiyi toplantıda Azərbaycanı prezident İham Əliyev təmsil edir. Sammiti giriş sözü ilə Polşanın baş naziri Donald Tusk açıb. O deyib ki, toplantının məqsədi postsovet ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: