Avropa Parlamentinin Qarabağ qətnaməsi niyə gecikir?
18 Noyabr 2011 Cümə 21:44
Politoloqların fikrincə, qurum Azərbaycana qarşı ikili standartlar prinsipindən çıxış edir.
Bəlli olduğu kimi, Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib. Qətnamədə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarını işğal etdiyi bildirilir və rəsmi Moskva bu işğala son qoymağa çağırılır.
Artıq Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni tarixi sənəd adlandırıb. O, öz rəsmi saytında yerləşdirilən müraciətdə bu qətnamənin bir neçə aspektdən əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, qətnamədə ən əhəmiyyətli məqam odur ki, burada təfərrüatı ilə və birmənalı olaraq qeyd olunub ki, Rusiya qanunsuz olaraq hərbi işğal həyata keçirib.
Məsələ ilə bağlı azərbaycanlı politoloqlar hesab edir ki, Avropa Parlamentinin bu qətnaməsi bir daha qurumun Azərbaycana qarşı ikili standart prinsipi ilə yanaşdığını sübut edir. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Avropa Parlamenti eyni qətnaməni Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı da qəbul edə bilər. Lakin buna mane olan bəzi səbəblər var. Onun sözlərinə görə, Avropa Parlamentində ermənilərə simpatiyası olanlar var: “Həmçinin Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” çərçivəsində görünür tərəfdaşlarını incitmək istəmir. Çünki bu proqrama Ermənistan da qoşulub, Azərbaycan da. Amma Gürcüstan qoşulsa da, Rusiya bu proqrama qoşulmayıb”.
Xatırladaq ki, Avropa İttifaqının təmsilçiləri dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəal rol oynamaq istəyində olduqlarını bəyan etsələr də, bu sahədə konkret bir addım atılmayıb. Həmçinin bu bəyanatlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi açıq şəkildə bəyan edilməyib. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi haqqında BMT-nin qəbul etdiyi bir neçə qətnamə isə yerinə yetirilməyib.
DOSTLARINLA PAYLAŞ: