Avropa Parlamenti Azərbaycanla bağlı tənqidi qətnamə qəbul edib
18 Dekabr 2009 Cümə 06:10
Avropa Parlamenti Azərbaycanla bağlı tənqidi qətnamə qəbul edib. “Azərbaycanda KİV-in fəaliyyəti üçün mühit pisləşib”.
Avropa Parlamenti “Azərbaycanda ifadə azadlığı” adllı qətnamə qəbul edib. Sənəddə ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı vəziyyət tənqid edilir. Avropa Parlamentinin yaydığı qətnamədə bildirilir ki, son illər Azərbaycanda KİV-in fəaliyyəti üçün mühit pisləşib, müstəqil teleradio şirkətləri müvəqqəti bağlanıb, aparıcı qəzetlər ofislərindən çıxarılıb, KİV-ə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılıb və jurnalistlərə qarşı hücumlar olub. Avropa Parlamenti hesab edir ki, nəticədə qorxu və özünüsenzura hissi yaranıb.
Qətnamədə bildirilir ki, blogerlər Emin Milli və Adnan Hacızadə siyasi motivlərlə həbs ediliblər və barələrindəki məhkəmə qərarı ədalətli olmayıb.
Avropa Parlamenti Azərbaycanda KİV azadlığı ilə bağlı vəziyyətin pisləşməsindən narahatlığını ifadə edir, həbslər praktikasını, məhkəmə təqiblərini və müxalif düşüncəli jurnalistlərin müxtəlif ittihamlarla həbs edilməsini pisləyir. Qurum Azərbaycan hakimiyyətini həbsdəki jurnalist və blogerləri azadlığa buraxmağa çağırır: “Jurnalistlərə qarşı təqib və zorakılıqlar araşdırılmalı, qanunsuzluğa görə məsuliyyət daşıyanlar cəzasız qalmamalıdırlar. Diffamasiya ilə bağlı qanun qəbul edilməli, vətəndaş cəmiyyəti fəallarının təhlükəsizliyi təmin olunması, toplaşmaq azadlıtğı bərqərar edilməlidir”.
Avropa Parlamenti rəsmi Bakını xarici radiostansiyaların yayımına FM tezliyində icazə verməyə də çağırır. Qətnmədə bildirilir ki, Bakı və Brüssel arasında insan hüquqları, ədalət mühakiməsi, penitensiar sistem sahəsində islahatlar, miqrantların hüquqlarının müdafiəsi və s. mövzularla bağlı dialoq fəallaşmalıdır.
Sənəddə 23 dekabr bələdiyyə seçkilərinin azad və ədalətli keçirilməsinin vacibliyi də vurğulanır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: