Avropa Pakistana yardımın həcmini artırdı
19 Avqust 2010 Cümə Axşamı 15:45
Narazılıqdan sonra müvafiq rəqəm 70 milyon avro təşkil edib.
Avropa Birliyi (AB) Komissiyası sel fəlakəti ilə üz-üzə qalan Pakistana yardımın həcmini artırıb. Bu ölkəyə edilən yardım işlərinin ləng getməsi ilə bağlı etirazları nəzərə alan qurum yardımın həcmini 30 milyon avrodan 70 milyon avroya qədər artırıb. AB-nin humanitar yardım üzrə komissarı Kristalina Qeorqiyeva sel fəlakətindən 20 milyon adamın əziyyət çəkdiyini deyib. Bu səbəbdən yardım işlərini sürətləndirəcəklərini bildirib.
Qeorqiyeva onu da deyib ki, ayrılan 30 milyon avronun yetərli olmadığı bəlli olduqda, avqustun 11-dən yenidən 10 milyon avro yardım əlavə edilib. Lakin sonradan fəlakət zonasında durum daha da ağırlaşıb. Bu səbəbdən yardımın miqdarının 70 milyon avroya çatdırılması qərara alınıb.
Bununla da Avropa ölkələrinin iki istiqamətdə Pakistana etdiyi yardımlarla AB-nin etdiyi yardımların birgə həcmi 115 milyon avroya çatıb. Bu isə BMT-nin Pakistan üçün istədiyi yardımın 1/3-ni təşkil edir.
Qeyd edək ki, bu günə qədər 27 Avropa ölkəsindən 15-i Pakistana yardım edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: