Avropa Məhkəməsi Ermənistan prezidentinin Xocalı soyqırımında iştirakını araşdırır
05 Dekabr 2009 Şənbə 10:30
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan prezidenti Serj Sərkisyanın Xocalı şəhərində törədilən soyqırımına əmr verməsi ilə bağlı ittiham olunması barədə sənədlər istəyib.
APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə dərnək başqanı Göksəl Gülbəy jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, məhkəmədən dərnəyə daxil olan sorğuda qeyd edilən məsələ ilə bağlı sənədlərin yanvarın 10-dək quruma göndərilməsi istənilib.
G. Gülbəy şikayətlərinə məhkəmədən cavab gəlməsinə çox sevindiyini bildirib: “Məhkəmə bizdən Sərkisyanla bağlı sənəd istəyir. Biz əlimizdə olan sənədlərə əlavə olaraq, Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğundan bizə əlavə sənədlər göndərmələrini xahiş etmişik. Həmin sənədlər gələn kimi, ən qısa zamanda toplayıb məhkəməyə təqdim edəcəyik”.
Dərnək başqanı deyib ki, Serj Sərkisyan Xocalıda törədilən qətliama görə cavab verməlidir. O, Avropa Məhkəməsinin ədalətli qərara verəcəyinə inamını da ifadə edib: “Çünki Sərkisyan 1992-ci ildə Xocalıda soyqırımı törədən qüvvələrin komandiri olub, bu qüvvələrə rəhbərlik edərək yüzlərlə insanın ölüm əmrini verib, şəxsən özü bu qətliamda iştirak edib. 1992-ci ildə Xocalıda törədilən qətliamın qanı hələ qurumayıb. Bu hadisələrdən sonra 1 milyondan çox Azərbaycan vətəndaşı erməni işğalı sayəsində öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Məhz bu səbəbdən Serj Sərkisyan Avroma İnsan Hüquqları Məhkəməsi qarşısında cavab verməlidir”. APA
DOSTLARINLA PAYLAŞ: