Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə nə verə bilər?
17 Noyabr 2011 Cümə Axşamı 21:27
Ekspertlər hesab edir ki, qurumun ATƏT-in Minsk qrupu ilə yanaşı nizamlanma prosesində iştirakı mümkündür.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonun Cənubi Qafqaz regionuna səfəri Ermənistanda yekunlaşıb. Həm Bakı, həm də İrəvanda müzakirə olunan əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsi olub. Eşton bəyan edib ki, Avropa İttifaqı münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyir.

Maraqlıdır ki, avropalı rəsminin səfər çərçivəsində səsləndirdiyi fikirləri siyasi şərhçilər Avropa İttifaqının münaqişənin həllində daha fəal iştirak etmək arzusu kimi qiymətləndirir. Hətta bəzi ekspertlər Avropa İttifaqının vasitəçi qrupun tərkibində Fransanı əvəzləyə biləcəyi barədə ehtimalları irəli sürüb və Ermənistanın bunun əleyhinə çıxacağı ilə bağlı proqnozlar verib.

Məsələ ilə bağlı fikrini açıqlayan politoloq Rasim Musabəyovun sözlərinə görə, Ermənistanın etirazlarına baxmayaraq, Avropa İttifaqının əlində olan vasitələr danışıqlar prosesində iştirak etməyə şərait yaradır.

“Avropa İttifaqı Minsk qrupu ilə yanaşı fəaliyyət göstərə bilər. Heç kəsə maneə yaratmır ki, Avropa İttifaqı rəhbərliyi hansısa təşəbbüslə çıxış etsin. Söhbət ondan gedir ki, ATƏT-in stimul vermək üçün heç bir imkanı yoxdur. Avropa İttifaqı isə ermənilər özünü düzgün aparsa, yardımları artıra bilər. Düzgün aparmasa, kəsə də bilər. Yəni Avropa İttifaqının imkanları bu baxımdan xeyli genişdir”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar