Audronyus Ajubalis: Avropa İttifaqı Dağlıq Qarabağdakı seçkiləri tanımır
07 İyul 2012 Şənbə 02:01
“Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə mane olmamalıdır”.
“Münaqişənin dinc yolla tənzimlənməsinin alternativ variantları yoxdur. Güc tətbiq edilməsi, eləcə də status-kvo bu sürəkli münaqişənin həllinə kömək etmir”. ANS PRESS-in məlumatına görə, bunu AzərTAc-a müsahibəsində Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalis deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr narahatlıq yaradıb: “Bu hadisələr insidentlərin təhqiq edilməsi üçün ATƏT-in təklif etdiyi mexanizmin vacibliyini vurğulayır. Snayperlərin təmas zonasından çıxarılması və insidentlərin təhqiqatının səmərəli mexanizminin bərpa edilməsi kimi sadə əməli addımlar münasibətlərdə gərginliyin xeyli azalmasına gətirib çıxarar”.
Nazir deyib ki, ötən il Litva ATƏT-in sədri kimi Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlıq edib, Dağlıq Qarabağda qeyri-sabit vəziyyətin kəskinləşməsinin qarşısı alınıb: “Dekabrın 6-da Vilnüsdə Nazirlər Soveti, Minsk qrupunun nümayəndə heyətlərinin rəhbərləri, həmsədr ölkələrin nümayəndələri, habelə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinin davam etdirilməsini və münaqişənin dinc yolla tənzimlənməsinə nail olmağın zəruriliyi barədə razılığa gəlib. Biz bu gün də danışıqların əsas formatı olan ATƏT-in Mİnsk qrupunun həmsədrləri ilə əməkdaşlığı tamamilə dəstəkləyirik”.
Audronyus Ajubalis Dağlıq Qarabağ separatçılarının lider seçkisinə münasibət də bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımır: “Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə mane olmamalıdır. Ona görə də tərəflər Madrid sazişinin prinsiplərinə uyğun olaraq konsensusa nail olmaq üçün daha çox səy göstərməlidirlər. Bu prinsiplər sülhün qorunub saxlanmasının, eləcə də prezidentlərin ATƏT-in Minsk qrupu çərçivəsində öz üzərlərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinin əsasıdır”.
DOSTLARINLA PAYLAŞ: