ATƏT sədri Azərbaycanın xahişi ilə xüsusi bəyanat verib
03 Dekabr 2010 Cümə 15:00
"Bəyanat həlli uzadılmış münaqişələrin nizamlanması prinsipləri ilə bağlıdır"
“ATƏT-in Astana sammiti çərçivəsində münaqişələrin həlli ilə bağlı prinsipial səviyyədə müvafiq bəyanatların səslənməsinə nail olmuşuq”. ANS TV-nin məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmayıb, lakin sammit çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verilib ki, burada da, Helsinki yekun Aktının prinsipləri qeyd olunur.

Sammitin ikinci günü Azərbaycanı təmsil edən Araz Əzimov bu bəyanatın rəsmi Bakının xeyrinə olduğunu deyib: “Bəzi dövlətlərin tutduğu mövqe sammitin sənədlərində münaqişələrin həllinin kökündə duran əsas prinsiplərin təsbit olunmasına imkan vermədi. Çünki ATƏT konsensus əsasında fəaliyyət göstərən təşkilatdır və biz əsas məqsədimizə nail olmaq üçün bütün addımlarımızı atmışıq. Amma münaqişələrə dair ümumi, lakin prinsipial səviyyə daşıyan müvafiq bəyanatlara nail olmuşuq. Bundan başqa, Azərbaycanın xahişi ilə Qazaxıstanın xarici işlər naziri ATƏT-in sədri qismində sammitin yekununda əlavə bəyanat verib ki, bu bəyanat da sammitin rəsmi sənədi kimi qəbul olunur. Bəyanat həlli uzadılmış münaqişələrin nizamlanması prinsipləri ilə bağlıdır. Burada münaqişələrin həlli üçün əsas götürülən prinsiplər sadalanıb və təsdiqlənib ki, bu prinsiplər 1975-ci ildə necə vacib və hüquqi qüvvəyə malik idisə, 2010-cu ildə də eyni qüvvəyə malikdir”.

Araz Əzimov bildirib ki, bütün bu prinsiplər bir-biri ilə bağlıdır və eyni şəkildə yerinə yetirilməlidir. Onun sözlərinə görə, bu bəyanat bizim maraqlarımıza uyğun gəlir, çünki öncə münaqişənin həlli üçün təklif etdiyimiz əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan ölkənin ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq verib və Helsinki yekun Aktında qeyd olunduğu kimi müqəddəratı təyin etmək hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirilməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar