ATƏT qətiyyətli mövqe nümayiş etdirmir
26 Noyabr 2010 Cümə 01:40
“Bu böyük təşkilat Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması naminə çox ciddi addımlar atmalı və Ermənistana təzyiqləri artırmalıdır”
“Azərbaycanın qarşısına qoyduğu əsas vəzifə Dağlıq Qarabağ münaqişəsini sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır”. Bunu Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakının Astana sammitindən gözləntilərini şərh edərkən deyib. Onun sözlərinə görə, dünyada beynəlxalq hüquq anlayışı da mövcuddur ki, münaqişələr bu prinsiplər əsasında həll olunmalıdır: “Bu gün dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini qəbul edir və dəstəkləyir. Bunun bariz nümunəsi də məhz, NATO-nun üzvü olan 28 dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atmasıdır. Əbəttə ki, hazırda, dünyada mütləq çoxluq da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Yəni, bütün bunlar o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar göstərilən əsaslar üzərində aparılır. Əgər ermənilər dərindən düşünsələr, bu münaqişənin ədalətli həlli Ermənistan dövlətinin də xeyrinə ola bilər.
Düz deyirsiniz, bu ilin əvvəlindən başlayaraq, münaqişənin həlli istiqamətində intensiv danışıqlar aparılır. ATƏT-in Minsk qrupunun həmsədri Rusiya daha çox aktivlik nümayiş etdirir. Son görüşlərin təşkil olunması da bu fikri bir daha sübut edir”.
Novruz Məmmədov qeyd edib ki, son zamanlar ATƏT də Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün aktivlik nümayiş etdirir. Onun sözlərinə görə, təşkilatın sədri münaqişənin tezliklə və beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir: “Göründüyü kimi, bu gün dünya birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur. Düşünürəm ki, ATƏT-in Astana sammitində də Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) adında təhlükəsizlik sözü birbaşa Cənubi Qafqaza aiddir. Amma təəssüflər olsun ki, mənim şəxsi mövqeyimə görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı münaqişənin həllində vasitəçiliyi həmsədrlərə tapşıraraq, onların arxasında durub qətiyyətli mövqe nümayiş etdirmədən problemin həllinə ehtimal prinsipindən yanaşır. Bu böyük təşkilat qarşısına qoyduğu vəzifənin həyata keçirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması naminə çox ciddi addımlar atmalı, sənədlər qəbul etməli və Ermənistana təzyiqləri artırmalıdır”.
DOSTLARINLA PAYLAŞ: