ATƏT PA-nın qış sessiyasının gündəliyi açıqlanıb
16 Fevral 2011 Çərşənbə 11:53
Qurumun 10-cu qış sessiyası fevralın 24-25-də Vyanada keçiriləcək
ATƏT Parlament Assambleyasının 24-25 tarixlərində Avstriyanın paytaxtı Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb.

Qış sessiyasının birinci günü quruma daxil olan siyasi və təhlükəsizlik, iqtisadiyyat və demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrin birgə iclaslarının keçirilməsi nəzərdə tutulub.

Sessiyada əsas müzakirə mövzusu Misir və Tunisdə baş verən son hadisələr olacaq. Qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsində Qırğızıstanda mövcud durum, demokratiya, insan haqları və humanitar məsələlər komitəsində Belarusda vəziyyət, ATƏT-in bu ölkədəki ofisinin bağlanması məsələsi müzakirəyə çıxarılacaq.

Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessiyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq parlamentar iştirak edəcək.
Müzakirələrdən sonra ATƏT PA-nın plenar iclası öz işinə başlayacaq.

Azərbaycan nümayəndə heyəti üzvlərinin Xocalı faciəsini gündəmə gətirmələri, bununla bağlı çıxışları da nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar