ATƏT PA-nın növbəti sessiyasında həmsədrlərin hesabatı dinlənilə bilər
13 May 2011 Cümə 13:15
Bu barədə məsələ ATƏT PA-nın sədri Petros Eftimiunun Milli Məclisdə keçirdiyi görüşdə müzakirə olunub.
ATƏT Parlament Assambleyasının Belqradda keçiriləcək növbəti sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun həmsədrlərinin hesabatı dinlənilə bilər. Bu sözləri Bakıda səfərdə olan ATƏT PA-nın sədri Petros Eftimiu mayın 12-də Milli Məclisdə keçirdiyi görüşdə deyib.
Görüşdə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərinin ATƏT PA-nın sessiyasında hesabat vermələrini təklif edib.
Petros Eftimiu deyib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün də olduqca mühüm əhəmiyyət kəsb edir. ATƏT PA-nın sədri qurumun yay sessiyasında Minsk qrupunun həmsədrləri tərəfindən belə bir hesabatın təqdim olunmasına çalışacağını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: