ATƏT-lə İctimai Televiziya yeni layihəyə start verib
16 İyun 2011 Cümə Axşamı 21:38
Bu gün Azərbaycanda səlahiyyət müddəti başa çatan ATƏT-in Bakı ofisinin rəhbər Ali Bilge Cankorel İctimai Televiziya və Radio Yayımları Şirkətində olub.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Ali Bilge Cankorel Baş direktor İsmayil Ömərovla görüşündə ölkəmizdəki fəaliyyəti dönəmindən məmnun qaldığını bildirib. “Mənim Azərbaycandakı fəaliyyətimdən tam olaraq 2 il 3 ay keçir. Ötən bu müddət ərzində ATƏT-in Bakı ofisi 120 layihə həyata keçirib. Bunlardan bir çoxu İctimai Televiziya ilə birgə reallaşdırılıb. Və həmin layihələr hamısı çox uğurlu olub. Bu səmərəli əməkdaşlığı davam etdirəcəyinizə inanıram”.
İsmayıl Ömərov da ATƏT-in Azərbaycanda KİV-ə ayırdığı diqqərə görə, xüsusi təşəkkürünü bildirib və qeyd edib ki, bu əməkdaşlıq səfir Ali Bilge Cankorelin fəaliyyət müddətində daha da effektiv olub. “Son illər ATƏT və İctimai Televiziya medianın inkişafına təkan verən bir çox proqramlar hazırlayıb. Eyni zamanda tam fərqli baxışlı siyasətçilərin bir masa arxasında maraqlı dialoq apardığı ayrı-ayrı layihələr reallaşdırıb. Təbii ki, ATƏT-lə İctimai Televiziyanın əməkdaşlığının bu inkişafında şəxsən Sizin rolunuz böyükdür. Mən də bütün kollektivimiz adından Sizə təşəkkür edirəm”.
Görüşdə Cankorel İctimai Televiziya ilə çox yaxın işgüzar münasibətlərin yeni ideyalara təkan verdiyini bildirib. “Bu günlərdə mən Azərbaycanın gənc yazarları ilə görüşdüm. Onların öz əsərlərini tanıtmağa, ictimai müzakirəyə çıxartmağa böyük ehtiyacları var. Bu problemləri əhatə eləyən bir tok-şounun məhz İctimai Televiziyada hazırlanmasını istərdik. Çünki sizin televiziya ilə reallaşdırdığımız bütün layihələr cəmiyyətdə böyük rəy yaradıb, müsbət iz buraxıb”.
Bu təklifi çox müsbət qarşılayan Baş direktor qeyd edib ki, bu layihə təkcə yazarların yox, həm də oxucuların böyük marağına səbəb olacaq. “Azərbaycan oxucularında mütaliəyə marağı artırmaq üçün ayrı-ayrı verilişlərdə daim bu mövzuya toxunulur. Amma bu mövzuya ayrıca proqramın həsr olunması daha da səmərəli olar”-deyə İsmayıl Ömərov bildirib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar