ATƏT-in XİN rəhbərlərinin Almatı sammiti öz işinə başlayıb
16 İyul 2010 Cümə 16:05
ATƏT-in fəaliyyətdə olan sədri sammitdə iştirak edən ölkələrin xarici işlər nazirləri ilə təkbətək görüşlər keçirib.
Bu gün Qazaxıstanın paytaxtı Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-formal sammiti öz işinə başlayıb. ANS TV-nin Qazaxıstana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, səhər saatlarından etibarən Qazaxıstanın xarici işlər naziri, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev sammitdə iştirak edən ölkələrin xarici işlər nazirləri ilə təkbətək görüşlər keçirib.
Təqribən bir saatdan sonra burada üçtərəfli görüş başlayacaq. Görüş ATƏT-ə sədrlik edən Yunanıstan, hazırda sədr olan Qazaxıstan və 2011-ci ildə quruma sədrlik edəcək Litvanın xarici işlər naziri arasında görüş baş tutacaq. Daha sonra Opera və Balet Teatrında xarici işlər nazirlərinin qeyri-rəsmi sammitinin rəsmi açılış mərasimi olacaq.
Mərasimdən sonra konsert proqramı təşkil olunacaq. Proqramdan sonra Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin ABŞ dövlət katibinin müavini Ceyms Steynberqlə də görüşü nəzərdə tutulub.
Xatırladaq ki, sammitdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: