ATƏT-in Minsk qrupunun həmsədrləri hesabat verdilər
04 Noyabr 2011 Cümə 01:10
Vasitəçilər bu ay növbəti dəfə regiona səfər etməyə hazırlaşırlar.
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri (Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ), İqor Popov (Rusiya)) və ATƏT-in fəaliyyətdə sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ATƏT-in Daimi Şurasına fəaliyyətləri barədə hesabat veriblər. ANS PRESS xəbər verir ki, bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib.

Dağlıq Qarabağ münaqişəsinin tezliklə dinc yolla həlli ilə bağlı səyləri barədə məlumat verən həmsədrlər qeyd ediblər ki, onlar son bir il ərzində səkkiz dəfə regiona səfər ediblər, Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda on dörd görüş keçiriblər. Bundan başqa, həmsədrlər Azərbaycanın işğal altındakı ərazilərində təmas xəttini dörd dəfə piyada keçiblər. Onların sözlərinə görə, bununla nümayiş etdiirblər ki, təmas xəttinin mövcudluğu vətəndaşlar arasında möhkəm sədd deyil və tərəflərin istəyi ilə hərbçilərin atəşkəs rejiminin qorunması üzrə əlaqələndirilmiş fəaliyyətləri mümkündür.

Həmsdərlər bəyan ediblər ki, münaqişənin hərb yolu ilə həlli mümkün deyil və tərəflər qəbuledilməz status-kvonun dəyişməsi və sülhə nail olmaq məqsədilə çətin qərarların qəbulu üçün siyasi iradə nümayiş etdirməlidirlər.

Vasitəçilər bildiriblər ki, bu ay danışıqlar atmosferinin yaxşılaşdırılması, atəşkəsin möhkəmləndirilməsi ilə bağlı təklifləri müzakirə etmək üçün regiona növbəti dəfə səfər etməyə hazırlaşırlar. Onlar səfər çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi barədə də fikir mübadiləsi aparmaq niyyətindədirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar