ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
06 Mart 2012 Çərşənbə Axşamı 15:12
Həmsədrlər münaqişə tərəflərinə hərtərəfli sülh sazişi üzərində işin davam etdirilməsi ilə bağlı təkliflərini veriblər.
 ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərlərinin yekununa dair bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, martın 2-dən 6-dək ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik İrəvan, Dağlıq Qarabağ və Bakıda səfərdə olublar. Həmsədrlər prezidentlər Sərkisyan və Əliyevlə, Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər.

Həmsədrlər tərəflərə yanvarın 23-də Soçidə prezidentlər Medvedev,
Əliyev və Sərkisyanın verdiyi birgə bəyanatın həyata keçirilməsi ilə bağlı plan təqdim ediblər. İki ölkə prezidentinin baza prinsipləri üzrə razılaşmanın əldə olunmasını tezləşdirməyə hazır olduğuna əsaslanaraq, həmsədrlər tərəflərə hərtərəfli sülh sazişi üzərində işin davam etdirilməsi ilə bağlı təkliflərini veriblər.

Həmsədrlər həmçinin tərəflərlə cəbhə bölgəsindəki insidentlərin araşdırılması mexanizmi üzərində işi davam etdirməklə bağlı Soçi bəyanatındakı öhdəliklərin yerinə yetirilməsini müzakirə ediblər. Bundan əlavə həmsədrlər humanitar və xalqlar arasında əlaqələri müzakirə ediblər, qeyd ediblər ki, bu əlaqələr sülh prosesinin ziyanına siyasiləşdirilməməli, regiondakı xalqlar arasında qarşılıqlı anlaşmanın əldə olunmasına xidmət etməlidir.

Həmsədrlər ATƏT Daimi Şurasını münaqişənin sülh yolu ilə həlli istiqamətində atılmış son addımlarla bağlı məlumatlandırmaq üçün martın 22-də Vyanaya səfər edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar