ATƏT-in hazırkı sədri Cənubi Qafqaza səfər edəcək
06 Fevral 2010 Şənbə 07:35
Qazaxıstan «uzanmış münaqişələrin», o cümlədən postsovet məkanında olan üç münaqişənin həlli üçün əlindən gələni edəcək. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bildirib.
Qurum sədri Qazaxıstanın ATƏT-ə sədrlik dövründə «uzanmış münaqişələrin» həllində müəyyən irəliləyişə nail olacağına ümidvar olduğunu bildirib: «Qazaxıstanın münaqişə iştirakçısı olan xalqlarla mental yaxınlığını və ölkə prezidenti Nursultan Nazarbayevin bu xalqlar arasında nüfuzu və ona göstərilən etimadı nəzərə alaraq, biz bu çətin prosesdə tərəfdaşlarımızın səylərinə impuls verə biləcəyimizi düşünürük», - deyə Saudabayev BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təhlükəsizlik şurasının iclasında iştirakı zamanı bildirib.
Saudabayev onu da bildirib ki, onun ATƏT-in hazırkı sədri vəzifəsində fevralın 15-də Cənubi Qafqaza nəzərdə tutulmuş səfəri məhz bu məsələlərin həllinə həsr olunacaq.
Xatırladaq ki, postsovet məkanında həll olunmamış münaqişələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanın Cənubi Osetiya və Abxaziya problemi və Moldovanın Dnestryanı problemləridir. APA
DOSTLARINLA PAYLAŞ: