ATƏT-in faktaraşdırıcı missiyası Bakıdadır
05 Oktyabr 2010 Çərşənbə Axşamı 18:30
Həmsədrlər Xarici İşlər Nazirliyində görüş keçirib.
Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr aparacaq faktaraşdırıcı missiya üzvləri Bakıdadır. ATƏT-in Minsk qrupunun həmsədrləri Xarici İşlər Nazirliyində görüş keçirib. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin nümayəndəsi ATƏT-in Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlarda araşdırma aparacaq faktaraşdırıcı missiyasının tərkibində iştirak etməyəcək. Bu barədə jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov məlumat verib.
Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə iştirak edən Bayram Səfərov bildirib ki, görüşdə faktaraşdırıcı missiya ilə bağlı istəklərini diqqətə çatdırıb: "Onlar bizə məlumat veriblər ki, Dağlıq Qarabağ və işğal olunan digər rayonlarda olacaq missiya geri dönəndən sonra nəticələri biləcəyik".
Həmsədrlərin Xarici İşlər Nazirliyindən sonra Qaçqın və Məcburi Köçgünlərlə İş üzrə Dövlət Komitəsində də olacaqları gözlənilir. Həmsədrlər sabah Ermənistana yola düşəcək və İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Ayın 7-də isə diplomatlar Xankəndinə yola düşəcək. Missiyanın hava şəraitindən asılı olaraq oktyabrın 13-də və 14-də yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, həmsədrlər işğal olunmuş Azərbaycan torpaqlarına ötən dəfə olduğu kimi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdən deyil, Ermənistandan keçəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: