ATƏT-ə üzv dövlətlər Qarabağ münaqişənin həllində fəal mövqe tutmalıdır
23 Mart 2012 Cümə 00:25
Azərbaycanın ATƏT yanındakı nümayəndəsi Q.İsrafilov sülh yolu ilə münaqişənin həllinə çalışmağın vacibliyindən danışıb.
Martın 22-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında Minsk qrupunun həmsədrləri çıxış ediblər. Həmsədrlər, təmsil etdikləri dövlətlərinin xarici işlər nazirlərinin Minsk prosesinin 20 illiyi ilə bağlı bəyanat yaydıqlarını qeyd ediblər. Həmsədrlərin fikrincə bu bəyanat onların birliyinin və sülhə doğru işləmək niyyətinin göstəricisidir.

Diplomatlar 20 il ərzində münaqişənin nizamlanması ilə bağlı ümid və məyusluğun, proqres və geriləmənin olduğunu, status-kvonun qeyri-məqbulluğunu, sülhün alternativinin olmadığını bildiriblər. Qeyd olunub ki, sülhə nail olmaq üçün tərəflər zəruri addımlar atmalıdırlar. Onlar, həmçinin etimad quruculuğu tədbirləri barədə fikirlərini bölüşüb, xalq diplomatiyasının danışıqlardakı roluna toxunublar.

Həmsədrlərdən sonra ATƏT üzvü olan dövlətlər bəyanatlarla çıxış ediblər. Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Q.İsrafilov sülh yolu ilə münaqişənin həllinə çalışmağın vacibliyindən və bunun üçün maksimalist mövqedən geri çəkilməyin zəruriliyindən danışıb. O, Azərbaycanın danışıqlarda beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini bir daha izah edib. Azərbaycanın ərazi bütövlüyünə qarşı tətbiq olunan və davam edən güc nəticəsində yaranmış status-kvodan və Ermənistanın “fait accompli” vəziyyətinə arxalanan qeyri-konstruktiv mövqeyindən narahatçılığını bildirib.

Azərbaycan diplomatı eyni zamanda, danışıqlarda tərəqqinin olmadığı üçün əsas səylərin hərbi toqquşmaların qarşısının alınmasına yönəlməsindən narahat olduğunu qeyd edib. O, Azərbaycanın, ərazi bütövlüyünə danışıqların obyekti kimi baxmadığını və müharibənin baş verməsində maraqlı olmadığını deyib. “Lakin, Azərbaycan tərəfi sülhə alternativ kimi status-kvonun güclənməsi cəhdlərini də qəbul etməyəcək. Bu baxımdan Azərbaycan tərəfi Ermənistandan sülh prosesindəki vəziyyəti yenidən dəyərləndirməyi və açıq qalmış məsələlərin həlli üçün konstruktiv mövqe nümayiş etdirməyi tələb edir”.

ATƏT-in ölkəmizin tamhüquqlu üzv kimi iştirak etdiyi yeganə regional təhlükəsizlik təşkilatı olduğunu qeyd edən Q. İsrafilov, Azərbaycanın bu təşkilatın, eləcə də Minsk qrupunun fəaliyyətinin səmərəliliyinin artırılmasında maraqlı olduğunu vurğulayıb. Bunun Minsk prosesinin formatının dəyişdirilməsi anlamına gəlmədiyi xüsusilə diqqətə çatdırılıb. Səfir Minsk qrupu və ATƏT-ə üzv olan digər ölkələrini münaqişənin həlli ilə bağlı daha fəal mövqe tutmağa səsləyib. O, bildirib ki, danışıqlarda irəliləyişin olmamasının səbəblərindən biri də neytrallığa istinad və tərəflərin özlərinin razılaşmaya gəlməsinin gözlənilməsidir. “Belə bir yanaşma, əksinə, işğal nəticəsində üstünlük qazanmış Ermənistana daha çox sərf edir. ATƏT-ə üzv dövlətlərə bir daha izah olunub ki, Ermənistan tərəfi işğal olunmuş əraziləri azad etməyə və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına razılığı yalnız Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə şərtləndirməyə çalışır”.

Daimi nümayəndə ATƏT-ə üzv dövlətlərdən Ermənistanın bu cəhdlərinin qarşısını almağa, qoşunlarının işğal olunmuş ərazilərdən geri çəkməyə və məcburi köçkünlərin torpaqlarına qayıtması üçün imkan yaratmağa daha güclü çağırışlar edəcəklərini gözlədiyi bildirilib.

Regiondakı hərbi ritorika və ittihamlarla bağlı yaranmış narahatlığa toxunan səfir Q. İsrafilov, danışıqlarda ab-havanın yaxşılaşdırılması üçün Dağlıq Qarabağın hər iki icması arasında dialoqun inkişaf etdirilməsini təklif edib. O, Ermənistanı bu məsələni siyasiləşdirməməyə çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar