Astara rayonunun hərbi komissarı işdən çıxarılıb
23 Dekabr 2011 Cümə 18:58
Astara rayon Hərbi Komissarlığının eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağırması faktı ilə bağlı ciddi tədbirlər görülüb.
Müdafiə Nazirliyi qanunsuz olaraq həqiqi hərbi xidmətə çağırılma faktı ilə bağlı Astara rayon hərbi komissarını vəzifəsindən azad edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib ki, Astara rayon Hərbi Komissarlığının eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağırması faktı ilə bağlı ciddi tədbirlər görülüb. Müdafiə naziri Səfər Əbiyevin əmri ilə Astara rayon hərbi komissarı, polkovnik-leytenant Rafael Vahidov tutduğu vəzifədən azad edilib.
Bundan başqa cavabdeh tibb işçilərindən dördünə şiddətli töhmət verilib, ikisinə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq olunub, ö cümlədən 1 nəfərin rütbəsi aşağı endirilib. Əsgər İxtiyar Nadirov isə eşitmə qabiliyyəti olmadığı üçün Azərbaycan Ordusu sıralarından tərxis edilib.
Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyev eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun ordu sıralarına çağırılması faktı ilə bağlı araşdırma aparılması üçün komissiya yaradıb. Bu addımlar komissiyanın gəldiyi nəticəyə uyğun olaraq atılıb.
DOSTLARINLA PAYLAŞ: