Astanada Ermənistana tələblər qoyulacaq?
22 Noyabr 2010 Bazar Ertəsi 22:10
Rasim Musabəyov: "NATO sammitində qəbul edilən qərar Ermənistan üçün heç də arzuolunan deyil"
NATO-nun Lissabon sammitinin yekun qətnaməsi təşkilatın siyasi cəhətdən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi bir daha təsdiqləyir. Politoloq Rasim Musabəyov hesab edir ki, qətnamədə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovadakı münaqişələrin ərazi bütövlüyü prinsipi çərçivəsində və dinc yolla həllinin əks olunması işğalçı Ermənistanın xeyrinə deyil. "Əslində Azərbaycan buna hazırdır. Ancaq hiss olunur ki, bu, Ermənistan üçün heç də arzulanmayan qərar oldu. Bunu bir bəhanə edib Serj Sarkisyan sammitə qatılmadı. Düşünmürəm ki, onun orada olmaması kiminsə diqqətini cəlb etdi. Amma hər halda onlar bundan özlərini narahat və narazı hiss edirlərsə, mənə elə gəlir ki, Azərbaycan dünyanın məsələlərin həllində beynəlxalq hüquq prizmasından baxışların möhkəmlənməsini alqışlamalıdır”.
Qeyd edək ki, NATO-nun bu mövqei davamlıdır və qurum 1994, 2006, 2008 və 2009-cu illərdəki zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Politoloqun sözlərinə görə, NATO-nun bu qərarının vacibliyi alyansa üzv olan dövlətlərin liderlərinin yaxın zamanlarda ATƏT-in Astanada keçiriləcək sammitində bir araya gələcəkləri ilə bağlıdır. Ekspertin proqnozlarına görə, bu toplantıda da ermənilərin qarşısında konkret tələblər qoyulacaq.
“Belə qərarların qəbulu həmin işğalçı niyyətlərlə yaşayan və inadkarlıqlarını davam etdirən tərəfə növbəti dəfə göstərir ki, onların istəkləri xülyadır və çıxış yolu kimi onlardan konkret olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən tərk olunması və qoşunların çıxarılması tələb edilir”,- deyə Rasim Musabəyov bildirib.
Lissabon sammitinin uğurlarından biri də NATO-Rusiya yaxınlaşmasıdır ki, bunun da Cənubi Qafqaz münaqişələrinə, eləcə də Moldovadakı münaqişələrə müsbət təsiri ola bilər. Ekspertlərin fikrincə, NATO ilə Rusiya arasında gərginlik aradan qaldırılarsa, bu Rusiyanın daha konstruktiv mövqedə olmasına gətirib çıxarar.
“Bu Azərbaycanı da hansısa tərəflər arasında seçim edib və əziyyəti çəkməkdən azad edir. Yəni Türkiyə NATO-nun üzvüdür. Biz Rusiya ilə son zamanlar yaxınlaşırıq və Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, Rusiya-NATO münasibətlərinin yaxınlaşması Azərbaycana müəyyən perspektivlər, imkanlar verir”.
Qeyd edək ki, Lissabonda Birləşmiş Ştatlar prezidenti Barak Obama və onun rusiyalı həmkarı Dmitri Medvedev əvvəlcədən planlaşdırılmamış görüş keçiriblər. Görüşdə strateji hücum silahlarına dair yeni sazişin ratifikasiyası perspektivləri müzakirə olunub. Bundan başqa, Barak Obama prezident Medvedevi özünün Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü barədə məlumatlandırıb.
DOSTLARINLA PAYLAŞ: