Assancın məhkəmə işi bu günbaşlayır
07 Fevral 2011 Bazar Ertəsi 15:15
Məhkəmə iki gün davam edəcək
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda “WikiLeaks” saytının qurucusu Culian Assancın İsveçə ekstradisiyası ilə bağlı məhkəmə işi başlayır. Assancın işinə iki gün ərzində baxılacaq, bundan sonra hakim öz qərarını verəcək.

Müşahidəçilər tərəflərin arqumentlərinin müzakirəsi üçün məhkəməyə bir neçə həftə lazım olacağını proqnozlaşdırırlar. İsveçdə seksual xarakterli zorakılıq əməllərində ittiham olunan Culian Assanc özü, ona qarşı irəli sürülən ittihamların siyasi motivlərə əsaslandığını bildirir. Culian Assancın vəkillərindən biri Mark Stivens bildirib ki, İsveç tərəfi Assancın Böyük Britaniyadan İsveçə ekstradisiyasına yalnız onu sonradan ABŞ-a təhvil vermək üçün nail olmaq istəyir. Birləşmiş Ştatlarda isə Assancı hətta ölüm cəzası da gözləyə bilər.

Hazırda Assanc 240 min funt sterlinq zəmanət qarşılığında Londonda ev dustağı həyatı yaşayır. Onun pasportu əlindən alınıb, yaşadığı evdən belə çıxmasına qadağa qoyulub. O hər gün London polisinə hesabat verməli və elektron qolbaq taxmalıdır.

Qeyd edək ki, Culian Assancın yaratdığı “WikiLeaks” saytı ABŞ-ın İraq və Əfqanıstan müharibələrinə dair yüz minlərlə məxfi sənədlərini, ardınca isə Dövlət Departamentinin yazışmalarına dair 250 min məxfi sənədi ictimaiyyətə açıqlamaqla qalmaqallara səbəb olub. İndi ona bəziləri “söz azadlığı müdafiəçisi”, bəziləri isə “təcavüzkar” ampluası verməyə çalışır.

Qeyd edək ki, Culian Assanc 2010-cu ilin adamı və Nobel sülh mükafatına namizəd göstərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar