AŞPA üzvləri Xocalı soyqırımı barədə xəbərsizdir?
27 Yanvar 2011 Cümə Axşamı 23:25
Almaniyalı deputat Georq Maturans: "Mən ilk dəfədir ki, belə bir ərazi haqda məlumat aldım".
Bu gün Azərbaycan nümayəndə heyətinin təkidi ilə Avropa Şurasında Xocalı soyqırım ilə bağlı xüsusi sənəd yayılıb. Məqsəd gələn ay 19 ili tamam olacaq hadisəyə, Ermənistan ordusunun günahsız insanlar üzərində törətdiyi etnik təmizləməyə bu qurumun siyasi qiymət verməsidir. Parlamentarilərə paylanan sənəddə faciə barəsində məlumat verilir və dünya ictimaiyyətinin bu soyqırıma susqun qalmasının yolverilməz olduğu vurğulanır. Eyni zamanda sessiya zamanı qurumun rəhbər şəxslərindən tutmuş siravi üzvlərinə qədər demək olar ki , əksər üzvlərə Qarabağ və Xocalı həqiqətlərini tanıtdıran xüsusi kitab paylanılıb.
Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin 1-ci katibi Əfqan Mehdiyev bildirib ki, qurumda Xocalı faicəsi ilə bağlı hər bir kəsə məlumatlandırıcı vəsaitlər, eləcə də bu faciənin geniş işıqlandırıldığı kitab paylanıb. Onlara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu məsələyə xüsusi həssaslıqla yanaşmasının səbəblərindən biri məhz 19 əvvəl baş vermiş bu hadisənin bəzən ermənilər tərəfindən təhrif olunaraq başqa cür təqdim olunmasıdır. Hətta indinin özündə də Avropa Şurası Parlament Assambleyasında elə avropalı deputatlara rast gəlinir ki, onların Xocalı soyqırımı barədə ümumiyyətlə xəbəri yoxdur və ya bu faciənin ermənilər tərəfindən törədilmədiyi haqda səhv məlumata malikdir.
AŞPA-nın almaniyalı deputatı Georq Maturans üzr istəyərək bu faciə haqqında eşitmədiyini deyib: “İndi siz dediniz və mən ilk dəfədir ki, belə bir ərazi haqda məlumat aldım”.
Qurumun ispaniyalı üzvü Miqel Sançes isə deyib ki, bu hadisənin müharibə vaxtı baş veridiyi bilirdi, yəni erməni nümayəndə heyətinin üzvlərinin ona dediyinə görə, əslində o faciəni onlar törətməyib. Yəni, həmin sakinlər qarşılıqlı atışma zamanı həlak olub.
Oxşar vəziyyət jurnalist həmkarlarımız arasında müşahidə olunub. İnternet vasitəsilə faciənin Milli Qəhrəman Çingiz Mustafayev tərəfindən əbədi lentə köçürülən dəhşətli kadrlarını göstərəndə, onların çoxu belə bir hadisənin baş verdiyinə inanmadılar. Avropa Şurasının rəhbərliyi tərəfindən də etiraf olunur ki, bir çox hallarda Avropa strukturlarında ikili standartlara yol verilir. Bunun qabağını almaq üçün isə təbliğatı daha da artırmaq lazımdır.
AŞPA sədri Mövlud Çavuşoğlu isə bunları deyib: "Bu cür məsələlər Avropa və dünyada siyasi məqsədlər üçün işlədilir. Bu, düzgün deyil. Siyasətçilərin böyük əksəriyyəti bu məsələlərlə bağlı böyük biliyə malik deyil. Yəni, istər Xocalı, istər erməni məsələsi, istərsə də Qolodomor olsun, bütün bunların siyasiləşdirildiyini müşahidə edirik. Siyasi səbəblərə görə önə çəkirlər, gündəmə gətirirlər. Amma bunlar insan hüquqlarına, haqlarına aid bir məsələlərdir. Bütün bunlar siyasi nöqteyi nəzərdən qiymətləndirilməməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: