AŞPA sədri Mövlud Çavuşoğlu: Ümid edirəm ki, Kazanda münaqişənin həllinə dair müqavilə imzalanacaq
20 İyun 2011 Bazar Ertəsi 15:40
Mövlud Çavuşoğlu AÇPA-nın yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında belə deyib.
AŞPA sədri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müqavilə imzalanacağına ümid edir. Bunu AŞPA sədri Mövlud Çavuşoğlu qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair verilən suala cavabında deyib.
“Rusiya prezidenti Dmitri Medvedev bu görüşə sədrlik edəcək. Heç kim prezidentlərin bu görüşündə münaqişənin həllinə dair müqavilənin imzalanmamasına sevinə bilməz. Biz bu kontekstdəki irəliləyişlərdən məmnunluq hissi keçiririk”, - Çavuşoğlu deyib.
AŞPA sədri Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə münasibət bildirərkən qeyd edib ki, qurumun qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.
“Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə gəldikdə, onu deyə bilərəm ki, Assambleya məsələ ilə bağlı çoxlu tövsiyə, qətnamələr və hesabatlar qəbul edib. Assambleya hamını - nümayəndə heyətlərinin üzvlərini və üzv ölkələri razı sala bilməz. Bir şeyi bilmək lazımdır ki, biz Assambleyanın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik”, - Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, iyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: