AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr keçirilib
28 İyun 2012 Cümə Axşamı 19:24
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrex oktyabr ayında yenidən ölkəyə səfər edəcəklər və onların hazırladıqları hesabat çox böyük ehtimalla qurumun qış sessiyasında Assambleyada müzakirə ediləcək.
APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri AŞPA Monitorinq Komitəsinin iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Səməd Seyidov bugünkü müzakirələrin çox konstruktiv aparıldığını bildirib: “Monitorinq Komitəsinin bugünkü iclasında çox vacib müzakirələr keçirildi və komitə üzvləri Azərbaycan üzrə həmməruzəçi cənab Aqramunt və mənim çıxışımı dinlədikdən sonra çıxış etdilər. Çıxış edənlərin ümumi fikir ondan ibarət oldu ki, Monitorinq Komitəsinin daxilində məruzənin hazırlanması normal, obyektiv və Azərbaycanla işgüzar şəkildə həyata keçirilir. Assambleyanın İnsan hüquqları üzrə komitəsində cənab Ştrasserin təqdim etdiyi siyasi məhbuslar anlayışının təsnifi və ayrıca Azərbaycanda siyasi məhbuslarla bağlı məruzələrdə xeyli qeyri-obyektiv, düzgün olmayan məsələlər və bəzi hallarda isə hətta qərəzli məsələlər öz əksini tapıb. Bunun qarşısını almaq bir yolla mümkündür, bu, Azərbaycanın AŞPA Monitorinq Komitəsi ilə işlərini yüksək şəkildə davam etdirməsidir. Monitorinq Komitəsi buna maraqlıdır və Komitədə Azərbaycan üzrə məruzəçilərə qarşı təyziqlərin göstərilməsi qəbulolunmaz bir davranış hərəkəti kimi qiymətləndirilib. İclasda Azərbaycanda qısa bir müddətdə obyektiv, real və müsbət irəliləyişlərin olmasının AŞPA üzvlərinə və ictimaiyyətə daha geniş çatdırılmasının zəruriyyəti xüsusi qeyd olunub. Bu nailiyyətlərin ictimaiyyətə çatdırılmamasının səbəbkarlarını yalnız ölkənin içərisində yox, yalnız Avropa Şurasının daxilində yox, o cümlədən də Azərbaycanın inkişafına başqa gözlə baxan dairələrdə də axtarmaq lazımdır”.
Səməd Seyidov bildirib ki, Azərbaycan TANAP layihəsi üzrə Türkiyə ilə saziş imzalamaqla Avropanın enerji təhlükəsizliyinə daha bir töhfə vermiş olub: “Ümumi şəkildə Monitorinq Komitəsində çox konstruktiv münasibətlər yaranıb. Qərara alındı ki, həmməruzəçilər bu ilin oktyabr ayında ölkəyə yenidən səfər etsinlər və onların hazırladıqları məruzə böyük ehtimalla AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq. Əgər məruzənin hazırlanması aprel yanvar ayına kimi başa çatmasa, sənəd qurumun yaz sessiyasında mütləq müzakirəyə çıxarılmalıdır. Hələlik məruzə ilə bağlı dinləmələrin qış sessiyasında keçirilməsi planlaşdırılıb. Çünkü AŞPA prosedurlarına görə hesabat mütləq iki il ərzində qurumun plenar sessiyasına çatdırılmalıdır”.
DOSTLARINLA PAYLAŞ: