AŞPA: "4 dəqiqə debat üçün kifayət deyil"
21 Oktyabr 2010 Cümə Axşamı 14:40
Üzunmüddətli müşahidə missiyası səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkisi ilə ağlı uzunmüddətli müşahidə missiyası səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Missiyanın rəhbəri Pol Ville səfərin məqsədlərini, Azərbaycanda keçiriləcək parlament seçkisinə hazırlıq və keçirdiyi görüşlər barədə jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, müşahidə missiyasının səfərinin məqsədi ölkədə seçkiqabağı situasiyanı dəyərləndirməkdir. O qeyd edib ki, seçkilər günü missiyanın 30 üzvü səsvermənin gedişi ilə bağlı monitorinq keçirəcək.
Ölkədəki seçkiqabağı prosesləri dəyərləndirən Ville, müxalifətin seçki prosesində aktiv iştirakını müsbət qiymətləndirib. “Hazırda seçkiqabağı proseslər dinc xarakterdədir. Seçici siyahıları ilə bağlı işləri müsbət qiymətləndiririk. Azərbaycanda müxalifətin seçki prosesində iştirakını görmək bizi sevinidirir. Biz seçki bloklarının yaradılmasının şahidi oluruq”, - deyə Ville əlavə edib.
Bununla belə o, siyasi debatların səviyyəsindən narazı qaldığını bildirib: "Biz siyasi debtların xüsusi olaraq aktiv şəkildə keçdiyini hiss etmirik. Seçici hansı namizədə səs verəcəyini məhz bu debatlar əsasında müəyyənləşdirdiyindən ayrılmış 4 dəqiqə kifayət deyil. Arzu edərdik ki, qalan 2-3 həftə ərzində ictimai debatlar üçün ayrılmış vaxt artırılsın".
Pol Ville təəssüflə qeyd edib ki, bəzi müxalif partiyalar missiyanın obyektiv rəy verməsinə şübhə edərək onlarla görüşdən imtina ediblər. Buna münasibət bildirən Ville heç bir partiyanın onlara təzyiq göstərə bilmədiyini vurğulayıb. “Biz biz yalnız müşahidəçiyik, seçkilərin subyekti deyilik”, -deyə missiyanın rəhbəri əlavə edib.
O, həmçinin qeyd edib ki, Azərbaycana gəlmək üçün viza almaq qaydaları dəyişdirildiyindən missiya üzvləri problemlərlə üzləşirlər. Buna görə o, hökumətə müraciət edərək qaydaların sadələşdirilməsini xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: