AŞ PA sədri Mövlud Çavuşoğlu Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edib
28 Yanvar 2010 Cümə Axşamı 17:30
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvlərini qəbul edib.
APA-nın Avropa bürosunun xəbərinə görə, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan prezidenti İlham Əliyevin ünvanladığı təbrik məktubunu AŞ PA sədrinə çatdırıb. S. Seyidov Türkiyə nümayəndəsinin AŞ PA rəhbəri seçilməsi faktının Azərbaycanda xüsusi rezonans doğurduğunu deyib. O, Milli Məclisin sədri Oqtay Əsədovun və digər rəsmilərin də təbriklərini M. Çavuşoğluna çatdırıb.
AŞ PA sədri böyük hörmət və ehtiram bəslədiyi Azərbaycan prezidentinin ona ünvanladığı təbrik məktubundan sevinc hissi keçirdiyini vurğulayıb və İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycan nümayəndə heyətini əmin edib ki, Azərbaycan parlamenti və AŞ PA-dakı nümayəndə heyəti ilə daha sıx əlaqə yaradacaq, Azərbayan-AŞ münasibətlərinin daha da inkişafı, Dağlıq Qarabağ probleminin qurumda obyektiv araşdırılması və avropalı parlamentarlara bu barədə obyektiv məlumatların çatdırılması istiqamətində fəaliyyətini əsirgəməyəcək. APA
DOSTLARINLA PAYLAŞ: