AŞ PA-nın yaz sessiyasının gündəliyi açıqlanıb
02 İyun 2012 Şənbə 00:30
Sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ salınmayıb.
Mayın 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu tərəfindən təsdiq olunmuş yay sessiyasının gündəliyi açıqlanıb.
İyunun 25-dən 29-dək keçiriləcək sessiyanın ilk günü AŞPA-nın sədri rəhbərlik etdiyi təşkilatın yaz sessiyasından sonrakı fəaliyyəti barədə məlumat verəcək, büro və daimi komitənin hesabatları dinləniləcək, Nazirlər Komitəsinin sədri, Albaniya baş nazirinin müavini və xarici işlər naziri qurumun apreldə keçirilən sessiyasından sonra görülən işlərdən danışacaqlar.
İyunun 26-da sessiyanın ikinci günü Bosniya və Herseqovinadan, Xorvatiyadan, Çex Respublikasından, İsveçdən, Niderlanddan, Polşadan, Rusiyadan və Böyük Britaniyadan İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, “Maliyyə böhranının siyasi, iqtisadi və sosial nəticələri”, “Sosial hüquq və demokratiya üçün təhlükə”, “Avropada regionlar və yerli kollektivlər iqtisadi böhran məngənəsində”, “Avropada müsəlman qadınlar” məsələləri və Gürcüstan ilə Rusiya arasında münasibətlər müzakirə olunacaq.
Avropalı deputatlar sessiyanın sonrakı günləri “Avropada demokratik vəziyyət”, “Bugünkü Avropada demokratik böhran və dövlətin rolu”, “Avropada populist ekstremizm və onun demokratiya üçün təhlükəsi”, “Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti”, “Seçki kampaniyaları zamanı qaçqınların və immiqrantların ələ alınması”, “Tunisdə siyasi keçid”, “Avropada qaraçıların vəziyyəti” və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaq və qərarlar qəbul edəcəklər.
Sessiyanın gedişində Albaniyanın və Xorvatiyanın baş nazirlərinin çıxışları da nəzərdə tutulub.
AŞPA-nın yay sessiyasının gündəliyinə Azərbaycan ilə bağlı məsələ salınmayıb.
DOSTLARINLA PAYLAŞ: