AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlandı
17 Dekabr 2011 Şənbə 03:46
Sessiyanın gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Parisdə keçirilmiş büro iclasında qış sessiyasının gündəliyi təsdiq edilib. Gündəliyə əsasən, yanvarın 23-dən 27-dək keçiriləcək sessiyanın ilk günü AŞ PA-nın yeni sədri və onun müavinlərinin seçkisi ilə başlayacaq, qurumun bürosunun və daimi komitənin hesabatları dinləniləcək.
Yanvarın 24-də Avropa Şurası (AŞ) insan hüquqları komissarının seçkisi keçiriləcək, Bosniya-Hersoqovinada demokratik təsisatların fəaliyyəti, mədəni həyatda hər kəsin iştirak hüququ, insan hüquqları üzrə Avropa Konvensiyasının səmərəliliyini və nüfuzunu qorumaq məsələləri müzakirə olunacaq, Avropa Şurasının baş katibi deputatlar qarşısında çıxış edəcəkdir.
Yanvarın 25-də Belarusda vəziyyət, AŞ insan hüquqları üzrə komissarın illik fəaliyyəti, Serbiyanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti ətrafında fikir mübadiləsi aparılacaqdır.
Sonrakı iki gün ərzində Ukraynada demokratik təsisatların fəaliyyəti, dünyada qadınların hüquqlarının inkişaf etdirilməsi, ailədə qadınların hüquqlarının pozulmasına qarşı mübarizə ilə bağlı AŞ Konvensiyası, əhalinin yerdəyişməsi: insan haqlarının pozulması, Avropada demoqrafik vəziyyət və digər məsələlər barədə müzakirələr aparılacaq.
Sessiyanın gedişi müddətində Finlandiyanın Prezidenti xanım Tarya Halonenin, UNESCO-nun baş direktoru İrina Bokovanın, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin və başqa rəsmilərin avropalı deputatlar qarşısında çıxışları da nəzərdə tutulub.
Qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməyib.
DOSTLARINLA PAYLAŞ: