Artur Rasizadə Qırğızıstanın yeni seçilmiş prezidenti ilə görüşüb
01 Dekabr 2011 Cümə Axşamı 00:56
Qırğızıstana neft məhsullarının ayrılması ilə bağlı kvota məsələsinə baxılması barədə razılıq əldə olunub.
Qırğızıstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Bişkekə gələn Azərbaycanın Baş naziri Artur Rasizadə bu ölkənin yeni seçilmiş dövlət başçısı Almazbek Atambayev ilə görüşüb. Baş nazir Artur Rasizadə Almazbek Atambayevi bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ölkələrimizin əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyini vurğulayıb.
Görüşdə Qırğızıstan ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Almazbek Atambayev Azərbaycandan neft məhsullarının alınması məsələsinə toxunub. Qərara alınıb ki, Qırğızıstana neft məhsullarının ayrılması ilə bağlı kvota məsələsinə baxılsın. Danışıqlar zamanı ticari-iqtisadi, investisiya, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.
Qırğızıstanın yeni prezidenti Azərbaycanın iqtisadiyyatının uğurla inkişafından məmnun olduğunu bildirib.
Baş nazir Artur Rasizadə Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması, onların problemlərinin həlli və digər məsələlər haqqında məlumat verib.
Görüşdə Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev iştirak edib.
DOSTLARINLA PAYLAŞ: