Arif Məmmədov: “Azərbaycan Xankəndinə təyyarə uçuşlarına yol verməyəcək”
09 May 2011 Bazar Ertəsi 12:58
Azərbaycanın işğal altında olan Xankəndi şəhərində hava limanına qanunsuz uçuşlarla bağlı rəsmi Bakının etirazlarına Ermənistan tərəfi hələ də cavab verməyib.
Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov məlumat verib.

Azərbaycanın Xankəndinə uçacaq təyyarələrə qarşı müvafiq tədbirlər görəcəyinə dair bəyanatlarından sonra ermənilərin mayın 9-na planlaşdırılan uçuşları təxirə saldığını deyən A. Məmmədov bu bəyanatların qüvvədə qaldığını da vurğulayıb: «Bizim verdiyimiz bəyanatlar qüvvədə qalır. İstər yay mövsümündə olsun, istərsə də sonrakı aylarda, Xankəndinə uçuşlara yol verilməyəcək. Ora Azərbaycan ərazisidir və Bakının icazəsi olmadan Xankəndinə uçan təyyarələrə qarşı müvafiq tədbirlər görüləcək».

Qeyd edək ki, ermənilər işğal altında saxladıqları Azərbaycanın Xankəndi şəhərində aeroportu yenidən bərpa ediblər. Mayın 9-da İrəvandan Xankəndinə ilk uçuşlar planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək uçuşlar təxirə salınıb. Azərbaycan tərəfi işğal altındakı ərazilərə istənilən uçuşların qarşısının alınacağını, hətta bunun üçün əraziyə uçan təyyarələrə qarşı fiziki məhvetmə tədbirləri görüləcəyini də bəyan edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar