Ariel Koen: “Moskva Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətində deyil”
11 Avqust 2010 Çərşənbə 13:50
Ariel Koen: “Moskva Dağlıq Qarabağ məsələsində baş vasitəçi rolunu öz üzərinə götürməyə çalışır. Lakin bu, o demək deyil ki, Moskva münaqişəni həll etmək niyyətindədir”.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-dakı “Heritage” (İrs) Fondunun rəhbəri, Rusiya və Avrasiya üzrə ekspert Ariel Koenin “The Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Bölgədəki son prosesləri şərh edən A. Koen qeyd edib ki, Obama administrasiyası regional siyasətində “yumşaq güc”dən istifadə etməyə üstünlük verərkən Moskva hələ də silahların dili ilə danışır. O, prezident Dmitri Medvedevin Ermənistandakı Rusiya hərbi bazasının 2049-cu ilə qədər bu ölkədə qalması və Ermənistanın da təhlükəsizliyini təmin etməyi öz üzərinə götürəcəyinə dair protokol imzalanacağını xatırladıb: “Moskva Ermənistana hərbi təminatlar verərək Azərbaycan və Türkiyə ilə sərhədləri bu ölkə ilə “birgə” müdafiə edəcək. Bakı ilə Ankara yəqin ki, bundan hiddətlənib. Rusiyanın Ermənistandakı öhdəlikləri Azərbaycanı çətin vəziyyətdə qoyur. Çünki bu durum Azərbaycanı separatçı Dağlıq Qarabağ regionu və Ermənistanın işğal etdiyi 7 rayonu geri qaytarmaqla bağlı istənilən cəhddən açıq şəkildə çəkindirir. Sətiraltı məna aydındır: Azərbaycan ya Qərbdən üz döndərməli, ya da nəticələrinə qatlaşmalıdır”.
Ekspertin fikrincə, ABŞ-ın “yumşaq güc” siyasəti Moskvanı öz hegemonluğunu genişləndirməyə təşviq edir. A. Koen hesab edir ki, ABŞ bölgə ölkələri ilə siyasi-hərbi əməkdaşlığını gücləndirməlidir. APA
DOSTLARINLA PAYLAŞ: