Argentinada Ermənistanın ölkəmizə qarşı təcavüzündən danışılıb
04 Oktyabr 2010 Bazar Ertəsi 12:10
Bu ölkədə “Azərbaycanın təqdimatı” tədbiri baş tutub.
Argentinanın Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) “Azərbaycanın təqdimatı” tədbiri keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 1 oktyabr tarixində keçirilən tədbirdə İSEN-in müəllim və tələbələri, habelə XİN-in nümayəndələri iştirak edib.
Tədbirdə öncə Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin hazırki ictimai-siyasi vəziyyəti, iqtisadiyyatı, dini tolerantlığı və sair məqamları əks etdirən ispan dilində film nümayiş etdirilib.
Filmin nümayişindən sonra səfir Məmməd Əhmədzadə “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və istiqamətlər” mövzusunda mühazirə söyləyib. Mühazirədə Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzləşdiyi çətinliklər, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə sabitliyin bərpası, dövlətçiliyimizin gücləndirilməsi və genişmiqyaslı inkişafın əsaslarının qoyulması, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi və ölkəmizin regional lider səviyyəsinə qaldırılmasına qədər keçdiyi tarixi yol barədə məlumat verilib.
Mühazirədə ölkəmizin xarici siyasətinə təsir edən məqamlar kimi Ermənistanın ölkəmizə qarşı təcavüzü, qlobal və regional proseslər, Azərbaycanın strateji mövqeyi, zəngin təbii sərvətləri, cari qlobal risk və təhlükələr, ölkəmizin beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü olması, habelə tarixən müxtəlif dini və etnik qrupların dinc-yanaşı yaşadığı unikal ölkə olması məsələləri təhlil edilib.
Ölkəmizin xarici siyasət istiqamətlərindən danışan M.Əhmədzadə ilk öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, nizamlanmaya dair ölkəmizin tutduğu mövqe və bu mövqeni əsaslandıran beynəlxalq hüquq norma və prinsipləri, habelə bu çərçivədə qəbul olunmuş beynəlxalq sənədlər barədə məlumat verib.
Xarici siyasət istiqamətlərimiz kimi ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin təmini məqsədilə yürütdüyü siyasət, çoxtərəfli və ikitərəfli əlaqələri, Avropa və Avro-Atlantik strukturları ilə əməkdaşlığı, enerji strategiyası, karbohidrogen ehtiyatlarının Xəzər dənizindən dünya bazarlarına çatdırılması məqamları təhlil edilib.
Ölkəmizin dinamik inkişafı, enerji sektorundan əldə edilən gəlirlərin ölkənin qeyri-neft sektorlarının və regionların inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, habelə gələcək nəsillərin təminatı məqsədilə istifadə edilməsi istiqamətindəki siyasət barədə məlumat verilib.
M.Əhmədzadə diplomatiyamızın coğrafi əhatə dairəsinin durmadan genişlənməsi, bu xüsusda artıq Latın Amerikasında üçüncü, Cənubi Amerikada isə ilk diplomatik missiyamız kimi Argentinada səfirliyimizin fəaliyyətə başlaması, Argentina ilə əməkdaşlıq istiqamətlərinin cari vəziyyəti və perspektivləri barədə danışılıb.
Sonra M.Əhmədzadə tədbir iştirakçılarının ölkəmiz və regional mövzularla bağlı çoxsaylı suallarına cavab verib.
Tədbir Azərbaycan mədəniyyətinin təqdimatı ilə davam etdirilib. Bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında video-çarx nümayiş etdirilib, ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı, turizm potensialını əks etdirən ekspozisiya, habelə milli mətbəximiz təqdim edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: