Argentinada Azərbaycanla bağlı tədbir keçirilib
11 Noyabr 2011 Cümə 18:10
Tədbirə Buenos-Ayresin ictimai-siyasi xadimləri, nüfuzlu alimləri və tanınmış iş adamları qatılıb.
Bu ilin 9 noyabr tarixində Argentinanın paytaxtı Buenos-Ayresin nüfuzlu “Circulo de Armas” klubunda Azərbaycanla bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Argentinadakı səfirliyindən ANS PRESS-ə daxil olmuş məlumata əsasən, tədbirdə səfir Məmməd Əhmədzadə “Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il” mövzusunda çıxış edib. Tədbirə “Circulo de Armas” klubunun üzvü olan Buenos-Ayresin elitası, ictimai-siyasi xadimləri, nüfuzlu alimləri, tanınmış iş adamları tədbirə qatılıb.

Çıxışında M.Əhmədzadə Azərbaycan tarixinin müxtəlif mərhələləri barədə məlumat verib, əsas diqqəti müstəqil Azərbaycanın keçdiyi yol və ölkəmizin hazırkı həqiqətlərinə yönəldib. Bu xüsusda, Azərbaycanda son illərdə iqtisadi-sosial sahədə əldə olunmuş yüksək nailiyyətlər, ölkəmizin energi strategiyası, regional və beynəlxalq siyasəti, regional əməkdaşlıq və inteqrasiyada, habelə sivilizasiyalararası dialoqda tutduğu əhəmiyyətli mövqeyi, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasının nümunəsi kimi 2011-2012-ci illər üzrə BMT TŞ-nın qeyri-daimi üzvü seilməsi barədə ətraflı məlumat verib.

M.Əhmədzadə çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişə ilə bağlı tarixi, siyasi və hüquqi məqamlar, danışıqlar prosesi, münaqişə ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə ətraflı məlumat verib. Azərbaycanın bütün siyasi, iqtisadi, sosial parametrlərə görə Ermənistandan dəfələrlə qabaqcıl mövqedə durduğunu əsaslandıran M.Əhmədzadə deyib ki, hər il bu fərqin Azərbaycanın xeyirinə sürətlə dəyişdiyi şəraitdə Ermənistan daha çox bu münaqişənin nizamlanmasında maraqlı olmalıdır.

M.Əhmədzadə çıxışında Azərbaycan xarici siyasətində Latın Amerikası istiqaməti, xüsusilə Argentina ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə də danışıb.

Sonra tədbir qarşılıqlı fikir mübadiləsi formatında davam etdirilib və M.Əhmədzadə iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb. Tədbirdə Azərbaycan haqqında film nümayiş etdirilib və tədbir iştirakçılarına səfirlik tərəfindən nəşr olunmuş ispan dilində materiallar təqdim edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar