Argentinada Azərbaycan Araşdırmalar Mərkəzi açılacaq
25 Noyabr 2010 Cümə Axşamı 19:40
Bu gün Bakıda iki ölkə arasında müvafiq anlaşma sazişi imzalanıb
Azərbaycanla Argentina arasında anlaşma sazişi imzalanıb. Sənədə Bakıda səfərdə olan Argentinanın xarici işlər nazirinin müavini Alberto Pedro D`Alotto və xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasinin rektoru Hafiz Paşayev imza atıb. Hafiz Paşayev jurnalistlərə açıqlamasında deyib ki, bu saziş Latin Amerikası ölkələri arasında ilk dəfə Argentina ilə bağlanıb.
Sənəd Argentinada ali məktəblərdən birində Azərbaycan Araşdırmalar Mərkəzinin açılmasını, qarşılıqlı tələbə mübadilələrini nəzərdə tutur. Hafiz Paşayevin sözlərinə görə, erməni diasporunun güclü olduğu Argentina ilə bu sənədin imzalanması mühüm əhəmiyyət kəsb edir.
"İlk dəfədir ki, biz Cənubi Amerika ölkələri ilə saziş imzalayırıq. Bugünkü müzakirlərimizin nəticəsi kimi deyə bilərəm ki, artıq ilkin addımlar nə olacaq və hansı sahələri biz əhatə edəcəyik. Bununla bizim ilkin mübadiləmiz oldu, Azərbaycanla bağlı həqiqətlərin yayılması üçün və orada həqiqətlərin daha da tanınması üçün bu sazişin əhəmiyyəti böyük olacaq",- deyə Hafiz Paşayev bildirib.
DOSTLARINLA PAYLAŞ: