ARDNŞ prezidenti Keşlə qəsəbəsindəki qanunsuz tikililərin sökülməyəcəyini bildirib
17 Yanvar 2012 Çərşənbə Axşamı 13:52
Rövnəq Abdullayev: “Baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ məsuliyyət daşımayacaq”
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Keşlə qəsəbəsində qanunsuz tikililərin sahibləri ilə görüşüb.
“APA-Economics”in xəbərinə görə, görüşdə çıxış edən R.Abdullayev bildirib ki, ARDNŞ investisiya layihələri həyata keçirərkən xaricdən kreditlər alır: “Bu kreditləri götürərkən ARDNŞ-ın fəaliyyəti və işini necə qurduğu araşdırılır. Bu zaman diqqət yetirilən əsas məsələlərdən biri də işlərin nə dərəcədə təhlükəsiz qurulmasıdır”.
Onun sözlərinə görə, beynəlxalq qurumlar şirkətə reytinq verəndə bütün məsələlər nəzərə alınır: “O cümlədən ARDNŞ-a məxsus ərazilərdə qanunsuz tikililərin olması, onların hasilat prosesinə təsiri və insanların nə dərəcədə təhlükəli şəraitdə yaşamasına diqqət yetirilir”.
R.Abdullayev qeyd edib ki, ARDNŞ bütün bunları nəzərə alaraq qanunsuz tikililərin sökülməsi ilə bağlı iddia qaldırarkən əsas məqsədi yaşayış evlərinin sökülməsindən daha çox onların qanunsuz olmasını göstərmək və baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-ın məsuliyyət daşımayacağını öncədən ortaya qoymaqdır: “Yəni əvvəlcədən sübut edirik ki, bu tikililərin qanunsuz olması məhkəmə yolu ilə təsdiqlənib”.
Son parlament seçkilərində bu ərazidən deputat seçilən R.Abdullayev bir daha qanunsuz tikililərin sahiblərinə burda yaşamağın təhlükəli olduğunu xatırladıb: “Unutmayın ki, bura radiasiya zonası olduğuna görə uşaqlarınızın, gələcək nəsillərin həyatı üçün də problem yaradır. Sizə yüz faiz təminat verirəm ki, bu ərazidəki evlər sökülməyəcək, amma bir problem olsa, buna siz özünüz məsuliyyət daşıyacaqsınız. Lazım gələrsə, ARDNŞ istifadə olunmayan başqa ərazilərdən torpaq ayıra bilər ki, ərazidəki qanunsuz tikililər sökülsün. Biz ev sökmək niyyətində deyilik və heç kimin də evinə dəyməyəcəyik. Kimin evi sökülsə, ona başqa yerdə şərait yaradılacaq”.
ARDNŞ rəhbərliyi sökülməsi haqqında qərar verilən tikililərin sahiblərini onlara saxta sənədlər verən təşkilatları məhkəməyə verməyə çağırıb. Bildirilib ki, ARDNŞ-ın Hüquq idarəsi bu evlərin sahiblərinin hüquqi imkanları haqqında maarifləndirici arayışlar tərtib edəcək. Kommunikasiya xətlərinin yaxınlığında yerləşən evlərə gəlincə, qeyd olunub ki, yeri dəyişdirilməsi mümkün olan xətlər dəyişdirilə və həmin evlərə sənəd verilə bilər.
Görüşdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov da iştirak edib.
DOSTLARINLA PAYLAŞ: