Araz Əzimov: “ATƏT Minsk qrupunun səyləri nəticə verməyib”
23 Dekabr 2011 Cümə 01:12
“Bernar Fasye Azərbaycan nümayəndələrinə bir şey deməsi, Ermənistanda isə tamam fərqli bəyanat verməsi konstruktiv deyil”
Vaşinqtonda yerləşən Atlantika Şurasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ sülh danışıqlarının gedişatı barədə çıxış edib. ANS PRESS-in “Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqazda Durum” başlığı altında keçirilən tədbirdə Araz Əzimov rəsmi Bakı ilə Vaşinqton arasında əlaqələrin inkişafından və Azərbaycanın Avroatlantik məkana inteqrasiyasından söz açıb. Azərbaycan rəsmisi müstəqillik əldə ediləndən bəri əldə olunan nailiyyətlərə və qarşıda duran problemlərə toxunub.
Araz Əzimovu tədbir iştirakçılarına təqdim edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson hələ Bakıda olarkən natiqlə sıx münasiətlər saxladığını və iki ölkə arasındakı rəsmi rabitədə Araz Əzimovun mühüm rol oynadığını qeyd edib. O, 1991-ci ildə Azərbycan müstəqilliyini qazandıqdan sonra uzun yol keçməsinə və ölkədə baş vermiş əsaslı dəyişikliklərə diqqət yetirib. Ross Vilson ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapmamasından narahatlığını ifadə edib və ümid etdiyini bildirib ki, Araz Əzimov Azərbaycanın danışıqlarda rəsmi mövqeyinə aydınlıq gətirəcək.
Araz Əzimov 1991-ci ildə Azərbycanın müstəqilliyinin regional və qlobal qüdrətlər tərəfindən tanınmasından bəri ABŞ-ln Azərbaycanın xarici siyasətində tutduğu önəmli mövqeyi qeyd edib. Azərbaycan rəsmisi Vaşinqtonla əməkdaşlıqda, ələlxüsus enerji, anti-terror səyləri və narkotik qaçaqmalçılığa qarşı mübarizədə ciddi uğurlar qazanıldığını bildirib. Eyni zamanda Araz Əzimov əlaqələrin inkişafı üçün mövcud olan imkanlardan danışıb. O, ABŞ-ın regionda aktiv rol oynamasını müsbət faktor kimi dəyərləndirərək bu əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını qeyd edib.
Azərbaycanın xarici siyasətdəki prioritetlərini forum iştirakçılarına təsvir edən Araz Əzimov ölkənin Şərqlə Qərb arasında tutduğu mühüm rola diqqət yetirib. Müsəlman çoxluğa malik Azərbaycan İslam ölkələləri arasında mötədil xarakterinə görə tanınır. “Avro-Atlantik məkana inteqrasiyaya can atan Azərbaycan müsəlman şərqi ilə əlaqələri inkişaf etdirmək istəyən Qərb alyansı üçün körpü rolunu oynaya bilər”, - deyə xarici işlər nazirliyinin təmsilçisi bildirib.
Araz Əzimov çıxışının böyük qismini Dağlıq Qarabağ sülh danışıqlarının gedişatına həsr edib. O, bildirib ki, Azərbaycanın müstəqilliyi ilə bərabər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində vasitəçilik rolunu həyata keçirən ATƏT Minsk qrupunun fəaliyyəti də iyirminci ildönümünə qədəm qoyur. Bu müddət ərzində Rusiya, ABŞ və Fransadan ibarət vasitəçi qrup tərəfləri bir-birinə yaxınlaşdırmaq üçün səylər göstərib. Lakin, Araz Əzimovun sözlərinə görə, təssüüf ki, bu səylər müsbət nəticə verməyib. ATƏT Minsk qrupunun effektivliyi haqda ətraflı danışan XİN rəhbərinin müavini həmsədrləri məsələyə daha məsuliyyətlə yanaşmağa və ardıcıllıq göstərməyə səsləyib. O, fransalı həmsədr Bernard Fasiyenin Azərbaycan nümayəndələrinə bir şey deməsi, Ermənistanda isə tamam fərqli bəyanat verməsinin konstruktiv olmadığını söyləyib. Bütün mövcud problemlərə baxmayaraq, Azərbaycan rəsmisi ATƏT Minsk qrupuna hələlik alternativ görmədiyini söyləyib. O, ATƏT-in qocaman beynəlxalq təşkilat olaraq böyük nüfuza malik olduğunu, bütün millətlərin hüquqlarına müdafiə etmək yönümdə öz üzərinə öhdəlik götürdüyünü və sülh danışıqlarının aparılması üçün effektiv mexanizmə malik olduğunu vurğulayıb.
Cəbhə xəttində atəşkəs rejiminin hökm sürməsini müsbət amil kimi dəyərləndirən Araz Əzimov Ermənistanın danışıqlarda tutduğu mövqeni də tənqid edib. O, erməni tərəfin Azərbaycanın ərazi bütövlüyünü prinsipcə qəbul etməməsini pisləyib və rəsmi Bakının mövqeyini beynəlxalq hüquq normaları ilə əsaslandırıb. Araz Əzimov Azərbaycan torpaqlarının işğal altında olmasını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bu yönümdə beynəlxalq vasitəçiləri fəallıq göstərməyə və Ermənistanı güzəştlərə getməyə çağırıb.
DOSTLARINLA PAYLAŞ: