ANS ölkə teleməkanında daha bir yeniliyə imza atdı
21 Aprel 2011 Cümə Axşamı 14:23
Bundan sonra hər bir verilişdən əvvəl efirə xüsusi “ağıllı işarələr” veriləcək.
Bu gündən başlayaraq ANS Televiziyası Azərbaycan tamaşaçılarını daha bir yeniliklə sevindirəcək.
ANS TV-nin yayımın qrafik tərtibatı departamentinin rəisi Kamil Kərimovun verdiyi məlumata görə, yeniliyi şərti olaraq “ağıllı işarələr” adlandırmaq olar. Əslində bu işarələrin əsas məqsədi efirə veriləcək veriliş və filmlərin əxlaqi və psixoloji mahiyyəti barədə tamaşaçılara xəbərdarlıq etməkdir.

Ölkənin efir məkanında ilk dəfə olaraq tətbiq olunacaq bu sistem valideynlərə və ümumiyyətlə cəmiyyətə, uşaqları və gəncləri televiziya verilişlərinin mümkün zərərli təsirlərdən qorumaq üçün siqnal olacaq. Belə ki, bundan sonra hər bir verilişdən əvvəl efirə xüsusi “ağıllı işarələr” veriləcək ki, bu da efir məhsulunun hansı mövzuda olduğunu bildirəcək.

Televiziyanın insanların həyatına getdikcə daha dərindən nüfuz etməsi, uşaq və yeniyetimələrin tərbiyəsinə alternativ vasitə kimi daxil olması ANS-i qabaqcıl Qərb dövlətlərində artıq uğurla sınaqdan çıxarılan bu təcrübəyə əl atmağa vadar edib. İndi artıq valideynlər hansı işarənin qadağan, hansı işarənin icazə verdiyini özləri müəyyələşdirəcək.

Kamil Kərimovun sözlərinə görə, hazırda bütün mövzuları və əhalini məlumatlandıra biləcək 7 işarə hazırlanıb: “Bunlar 7, 13, 18 yaşdan yuxarı, bundan başqa ailə, mənfi davranışlar, şiddət və qorxu və sonda açıq-saçıqlıqdır. Bu işarələr eyni zamanda lazım olan yerlərdə birləşərək əlavə işarələr də yaratmış olurlar”

7 + - bu işarə, verilişin 7 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmadığını göstərir,
13 və 18 + işarələr isə veriliş və filmə müvafiq olaraq 13 və 18 yaşdan yuxarı yeniyetmələrin baxmasına icazə verir.

Ailə işarəsi ilə işarələnmiş verilişlər, elə adından da məlum olduğu kimi bütün ailənin bir yerdə oturub seyr edə biləcəyi məhsullardır.

Əgər açıq-saçıq işarəsi varsa, bu, efirə gedəcək məhsulun tərkibində erotik səhnələrin olduğuna işarədir.

“Mənfi” işarəsilə isə - mənfi obrazlarla, davranışlarla zəngin olan veriliş və filmlər işarə olunacaq.

Bir sözlə, bundan sonra valideynlər ANS-in timsalında həm də özlərinə övladlarının tərbiyəsində əsl həmkar tapacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar