ANS faciə qurbanlarının xatirəsini yad edib
26 Fevral 2011 Şənbə 20:21
ANS Şirkətlər Qrupunun kollektivi Xocalı abidəsinin önünə əkl qoyub.
Bu gün ANS-in Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib. Bu münasibətlə ANS Şirkətlər qrupunun rəhbərliyi və əməkdaşları Xətai rayonunda yerləşən Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidənin önünə ANS adından əklil qoyulub, faciə qurbanlarının ruhuna dualar oxunub.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib, onlara divan tutub.

İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılıb. Habelə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb və Xocalı bir şəhər kimi tarixin səhifələrindən silinib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar