Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub.
26 Fevral 2012 Bazar 09:51
Orta Doğu Texniki Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi və Kızılcahamam bələdiyyəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı abidəsinin təməl atma mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə səfir Faiq Bağırov, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Kızılcahamam bələdiyyə rəhbəri Coşqun Ünal, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla və ardından iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra, Kızılcahamam bələdiyyə rəhbəri Coşqun Ünal, diasporumuz adından Prof. Dr. Əflatun Nemətzadə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, vəkili Qənirə Paşayeva və səfir Faiq Bağırov Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçıları ilə fikirlərini bölüşüblər. Daha sonra Xocalı soyqırımı abidəsinin yerləşəcəyi yerdə təməl atma mərasimi keçirilib.

Bu tədbirin ardından, səfirlik və Türkiyənin nüfuzlu universitetlərindən biri Orta Doğu Texniki Universitetinin (ODTÜ) birgə hazırladığı Xocalı soyqırımı ilə bağlı geniş tərkibli xatirə tədbiri başlayıb. Tədbirə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli filmin nümayişi ilə start verilib. Çıxışlardan sonra səfir Faiq Bağırov, gənc ssenarist Nazim Muradovun qələmə aldığı “Xocalı Haykırışı” adlı teatr əsərini canlandıran Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə Səfirliyin hədiyyələrini təqdim edib. Tədbirdə “Xocalıya Ədalət” beynəlxalq imza kampaniyası davam etdirilib, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub, Xocalı Soyqırımı ilə bağlı rəsm v foto sərgisi keçirilib.

Qeyd edək ki, Ankaranın çox sayda müxtəlif səmtlərində küçələrə Xocalı Soyqırımı ilə bağlı təbliğat xarakterli foto və bilbordlar asılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar