Ankarada Heydər Əliyev Parkının və Heydər Əliyev adına orta məktəbin açılışı olub
15 Dekabr 2012 Şənbə 02:51
Nazir Ömər Dinçər: Azərbaycan xalqının əziz tutduğu bütün mənəvi dəyərlər Türkiyə xalqı üçün də qiymətlidir.
Ankaranın Yeniməhəllə rayonunda Heydər Əliyev Parkının və Heydər Əliyev adına orta məktəbin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) apardığı əsaslı təmirdən sonra açılış mərasimi olub.
Mərasim iştirakçıları parkda ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil və gül qoyublar. Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.
Mərasimdə çıxış edən Türkiyənin milli təhsil naziri Ömər Dinçər Ankaraya xüsusi gözəllik verən Heydər Əliyev Parkının Türkiyə və Azərbaycan qardaşlığının rəmzlərindən biri olduğunu söyləyib. Ömər Dinçər deyib ki, qardaş Azərbaycan xalqının əziz tutduğu bütün mənəvi dəyərlər Türkiyə xalqı üçün də qiymətlidir. Azərbaycanın ümummilli lideri və türk dünyasının dahi şəxsiyyəti olan Heydər Əliyevin xatirəsi də bizim üçün əzizdir. Mən hesab edirəm ki, bu park ölkələrimizin qardaşlıq rəmzlərindən biridir. Eyni zamanda, ankaralılar parkın açılışı ilə gözəl bir istirahət mərkəzinə sahib oldular.
Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev bildirib ki, bir çox ölkələrdə dünya şöhrətli siyasi dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəblər, universitetlər və parklar var: “Yerləşdiyi ərazidə 6 mindən çox ağac əkilmiş bu parkın açılışı da əlamətdar hadisədir. Buradakı həyat rəmzi ulu öndər Heydər Əliyevin ruhunun şad olması deməkdir. Parkda oynayacaq uşaqların sevincində ulu öndərin də payı olacaq”.
Mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimindən sonra parkla tanışlıq olub.
DOSTLARINLA PAYLAŞ: