Anatoli Serdyukov: Qəbələ radiolokasiya sistemini tam şəkildə yenidən quracağıq
18 Noyabr 2011 Cümə 11:48
Anatoli Serdyukov: Azərbaycan icarə haqqını artırmaq istəyir, biz isə icarəyə götürdüyümüz ərazini azaltmaqla ödədiyimiz məbləği əvvəlki səviyyədə saxlamaq istəyirik.
“Rusiya Qəbələ radiolokasiya stansiyasını tam şəkildə yenidən qurmağı və eyni zamanda icarəyə götürülmüş ərazinin həcmini azaltmağı planlaşdırır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov verib.

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin 2025-ci ilədək uzadılmasına dair Azərbaycanla danışıqların aparıldığını bəyan edib. Qəbələ RLS-in hazırkı icarə müddəti 2012-ci ildə başa çatır.

Serdyukov bildirib ki, yeni stansiya zavodda hazırlanacaq və Qəbələ RLS-in ərazisində montaj olunacaq: “Qəbələ radiolokasiya stansiyasının imkanlarının artırılması çox vacibdir, lakin Rusiya hərbçiləri hazırda bu stansiyanı tam modernizə etməyi arzulayırlar. Azərbaycan bu məsələyə etiraz etmir, təkcə məsələnin maliyyə tərəfini nizamlamaq qalıb. Onlar icarə haqqının artırılmasını istəyirlər, biz isə icarəyə götürülmüş ərazinin həcmini azaltmaq və icarə haqqını əvvəlki səviyyədə saxlamaq istəyirik. Yeni stansiya qurulduqdan sonra bizə bu qədər ərazi lazım deyil. O zaman bizə su və elektrik enerjisi də indiki qədər lazım olmayacaq. Azərbaycanlı həmkarımla yaxın vaxtlarda işçi qrup səviyyəsində müzakirələrin Bakıda davam etdirilməsi barədə razılığa gəlmişik. Razılaşma əldə edə bilməməyimizə dair heç bir narahatlığım yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar