Anar İranın ali dini rəhbəri Xamneyiyə müraciət edib
06 İyul 2012 Cümə 17:48
Yazıçılar Birliyinin sədri Anar İranın ali dini rəhbərinin azərbaycanlı şairlərin taleyinə biganə qalmayacağına ümid etdiyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamneyiyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir:
"Hörmətli ağayi Xamneyi!
İki gənc şairimizin - Yazıçılar Birliyinin üzvü Fərid Hüseynin və Şəhriyar de Geraninin İranda həbs edilməsi bizi çox narahat edir. Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta “Heydər babaya salam” şeirindən bir neçə beyt oxudunuz.
Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz”.
DOSTLARINLA PAYLAŞ: