“Anadolu atəşi” Heydər Əliyev Sarayında çıxış edib
17 Mart 2012 Şənbə 13:27
Türkiyənin tanınmış rəqs qrupu “Anadolu atəşi” Bakıda Heydər Əliyev Sarayında çıxış edib.
"Troya" əfsanəsini canlandıran rəqqasların üç günlük konsert proramının ilk günü anşlaqla keçib. APA-nın məlumatına görə, “Troya” proqramı ilə çıxış edən "Anadolu atəşi"ni izləyənlər arasında nazirlər, digər rəsmilər, eləcə də Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç da olub.
“SA Organization”ın rəhbəri və “Anadolu Atəşi” ansamblının Bakıdakı rəsmi nümayəndəsi Səlahattin Atalay “Troy” proqramı üçün xüsusi olaraq 2000 dəst geyim hazırlandığını bildirib. Bunun üçün 12000 metr və 450 növ parçadan istifadə olunub. 850 ədəd baş geyimi, 300 cüt ayaqqabı xüsusi dizayn edilib. 2500 metr keçə eksklüziv olaraq Özbəkistanda toxunulub, 2000 metr şifon parça əllə boyanıb.
Konsertin sonunda səhnəyə gətirilən 8 metr hündürlüyündə at heykəli maraqla qarşılanıb. Müxtəlif tarixi məqamları rəqslərində əks etdirən "Anadolu atəşi" rəqsləri ilə tamaşaçıları əyləndirməklə yanaşı, həm də səhnədəki ekran vasitəsi ilə tarixi faktlar nümayiş olunub. “Anadolu atəşi” iki saata yaxın konsert boyunca müxtəlif rəqsləri təqdim edib. Konsertin sonunda Türkiyənin Azərbaycandakı səfiri səhnəyə çıxaraq kollektivi təbrik edib.
Ansamblın bədii rəhbəri Mustafa Ərdoğan Bakıdakı üç günlük çıxışın unudulmaz olacağına, tamaşaçılara yaddaqalan anlar yaşadacağına inandığını deyib.
DOSTLARINLA PAYLAŞ: