Amerika səfiri erməniləri ayıq olmağa çağırıb
01 Mart 2011 Çərşənbə Axşamı 23:21
Mari Yovanoviç: "Azadlıq, müstəqillik olarsa, dağı da yerindən tərpətmək olar"
ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç erməniləri hərəkətə keçməyə çağırıb. Ermənistanın dövlət universitetində mühazirə oxuyan amerikalı diplomat erməni gənclərinə bəzi məsləhətlər verib. O qeyd edib ki, heç bir tərpəniş olmadan onlar arzuladıqları ölkə qura bilməyəcəklər. M. Yovanoviç hesab edir ki, Ermənistan prezidentinin dediyi kimi demokratiyanın dərinləşməsi və siyasi dialoqun aparılması dərin və köklü dəyişikliklər, eləcə də islahatlar tələb edir. Eyni zamanda Amerika səfiri erməni gənclərini ayıq olmağa çağırıb: “Azadlıq, müstəqillik olarsa, dağı da yerindən tərpətmək olar”.
Ermənistan problemləri üzrə ekspert Viktor Yakubyan isə məsələni təhlil edərkən amerikalı səfirin çıxışını “siyasi nümayiş” kimi qiymətləndirib. Afrika və Yaxın Şərq ölkələrində vətəndaş müharibəsi ehtimalının olması, İranın coğrafi baxımdan yaxında yerləşməsi, Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyət və digər təhlükə və təhdidləri nəzərə alan ekspert Mari Yovanoviçin demokratiya haqda çıxışını ələ salmaq cəhdi kimi, ya da doğrudan da Ermənistanda “dağı yerindən tərpətmək” çağırışı ilə əlaqələndirməyə çalışıb.
Ekspert daha sonra Birləşmiş Ştatlar təmsilçisinin demokratiya haqda nitqinin məhz bu gün Ermənistanda 1 mart hadisələrinin 3-cü ildönümü münasibəti ilə keçirilən mitinqə təsadüf etməsinə də diqqət çəkməyə çalışıb.
Ən maraqlısı isə odur ki, Mari Yovanoviç 2005-ci ildə ABŞ-ın Qırğızıstandakı səfiri olub. Həmin tarixdə Qırğızıstan dövlət başçısı Əsgər Akayev devrilib.
DOSTLARINLA PAYLAŞ: