AMEA Radiasiya Problemləri İnstitutunun direktoru: “Rusiya Qəbələ RLS-in hansı dalğada və hansı gü
11 Yanvar 2012 Çərşənbə 15:28
“Qəbələ RLS rekonstruksiya olunacaqsa, stansiyanın fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı yenidən qiymətləndirmə aparılmalıdır”“Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasını tələb edən insanlardan biri mənəm, amma əfsuslar olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə apardığım ekspedisiyalar heç bir anomal təsir aşkar etməyib”
“Azərbaycan bir neçə dəfə Rusiya tərəfinə Qəbələ radiolokasiya stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı müraciət edib. Belə bir razılaşma var idi ki, işçi qrup yaradılsın və stansiyanın ətraf mühitə təsiri birgə qiymətləndirilsin. Amma onlar bununla bağlı heç vaxt heç bir açıqlama verməyiblər ki, stansiya hansı gündə hansı dalğa və güclə işləyir. Belə açıqlama Rusiya tərəfindən heç vaxt olmayıb”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi bu detalları hərbi sirr olduğuna görə açıqlamaqda maraqlı deyil: “Bu məlumatlara əsasən, Qəbələ RLS-in təsir zonasını xarici dövlətlər hesablaya və həmin ərazilərdən öz obyektlərini geri çəkə bilərlər. Amma hər halda ən azı bu məsələlər Azərbaycanın Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə birgə araşdırılmalı və Qəbələ RLS-in ətraf mühitə təsiri ümumi şəkildə olsa da, açıqlanmalıdır”.
İnstitut direktoru qeyd edib ki, hazırda Azərbaycan Qəbələ RLS-in icarə qiymətini 7 milyon manatdan 15 milyon manata qaldırmaq istəyir: “Rusiya tərəfi isə məsələ qaldırıb ki, Qəbələ RLS-i rekonstruksiya edəcək, müasirləşdirəcək. Rusiya nə edəcəyini hələ tam şəkildə elan eləməyib. 2012-ci ilin axırında RLS-in icarə müddəti qurtarır. Əgər Rusiya Qəbələ RLS-i rekonstruksiya edəcəksə və onu daha da gücləndirəcəksə, onun ətraf mühitə təsiri qiymətləndirilməlidir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikaya bunun hansı təsirə malik olduğunu elan etməlidir. Bu qiymətləndirmə sənədi Azərbaycan tərəfinə verilməlidir. Hesab eləyirəm ki, Qəbələ RLS rekonstruksiya olunacaqsa və bu, stansiyanın parametrlərinə təsir edəcəksə, bu halda stansiyanın fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı yenidən qiymətləndirmə aparılmalıdır. Stansiyanın ətraf rayonlara təsiri haqqında hesabat hazırlanmalıdır”.
A. Qəribov deyib ki, rəhbərlik etdiyi institut tərəfindən Qəbələ RLS yaxınlığında dəfələrlə araşdırmalar aparılıb: “İki il ərzində ərazidə ölçülər aparmışıq. Amma təhlükəli yaşayış məntəqəsi aşkar etməmişik. Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasını tələb edən insanlardan biri mənəm, amma əfsuslar olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə apardığım ekspedisiyalar heç bir anomal təsir aşkar etməyib. Amma biz ölçü aparanda həmin stansiyanın işləyib işləməməsi dəqiq deyildi. Yəni bunlar stansiyadan asılı olmayan ölçülərdir. Biz istəyərdik ki, qarşılıqlı razılaşdırılmış şəkildə ölçülər aparılsın. Yəni stansiya işə başlasın və biz ölçüləri ən güclü rejimdə işləyəndə aparaq. Biz yalnız o zaman deyə bilərik ki, Qəbələ RLS-in heç bir təhlükəsi yoxdur”.
DOSTLARINLA PAYLAŞ: