AMEA Radiasiya Problemləri İnstitutu Azərbaycan ərazisində radioaktivliyinin monitorinqinin aparılm
12 Yanvar 2012 Cümə Axşamı 12:48
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu ölkə ərazisinin radioaktivliyinin monitorinqinin aparılmasını təklif edir.
İnstitutun direktoru Adil Qəribov APA-ya açıqlamasında bildirib ki, hazırda ionlaşdırıcı radioaktiv şüalanmaların Azərbaycandakı durumu haqqında tam məlumat vermək çətindir. Çünki respublika ərazisi bu baxımdan əsaslı tədqiq olunmayıb: “Bu proses kompleks şəkildə, tənzimləyici qurumların - Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə iştirakı ilə həyata keçirilməlidir. Bu məsələ Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələr üzrə dövlət komissiyasının da bir neçə dəfə müzakirə predmeti olub. Hələlik bu haqda yekdil rəyə gəlinməyib. Bu məsələ dövlət səviyyəsində qaldırılmalı, vəsait ayrılmalı, bu sahədə ixtisaslaşmış dövlətlərdə kadr hazırlığı aparılmalıdır. Bu məsələdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də Azərbaycana dəstək ola bilər. Amma bunun üçün bizim tərəfimizdən sorğu verilməlidir. Bu, çox lazımlı məsələdir. Həm strateji, həm sanitar-gigiyenik nöqteyi-nəzərdən belə araşdırmaların aparılması zəruridir. Bütün ölkə ərazisinin radioaktivliyinin tədqiqi kapital tutumlu bir işdir. Bunun üçün xüsusi avadanlıq və texnikalar alınmalıdır. Bütün ölkə ərazisində avia, avto və piyada çəkilişlər aparılmalıdır”.

A. Qəribov deyib ki, Azərbaycanda lokal radioaktiv çirklənmə sahələri daha çox Abşeron rayonu ərazisindəki neft-qaz çıxarma zavodlarının ərazisindədir: “Bu radioaktivlik fon səviyyəsindən yüksək olsa da, beynəlxalq klassifikasiyaya daxil olmayan radioaktivlikdir. Hər halda stress faktoru kimi əhaliyə təsir edə bilər. Ona görə də həmin ərazilərin təmizlənməsi ilə bağlı məsələ qaldırmışıq. Təsadüfi deyil ki, Abşeron rayonunun ekoloji durumunun sağlamlaşdırılması ilə bağlı ölkə prezidentinin sərəncamında və Nazirlər Kabinetinin qərarında da həmin ərazilərdəki çirklənmənin aradan qaldırılması əks olunub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar