Almaniyanın milli bayramı Bakıda qeyd edilib
06 Oktyabr 2010 Çərşənbə 02:10
Səfir Herbert Kvellen: “Azərbaycan hökumətinin əlverişli investisiya siyasəti almaniyalı sahibkarların diqqətini cəlb edir”.
Ötən axşam Almaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Alman Birliyi Günü münasibətilə “Park İNN-Azərbaycan” mehmanxanasında rəsmi qəbul təşkil edib. Səfir Herbert Kvellen qonaqları salamlayaraq deyib ki, Almaniya və Azərbaycan dinamik şəkildə inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu diqqətə çatdıran diplomat, son vaxtlar əməkdaşlığımızın inkişafının daha da sürətləndiyini bildirib.

Almaniyada ölkəmizə marağın getdikcə artdığını qeyd edən H.Kvellen bildirib ki, Azərbaycan hökumətinin əlverişli investisiya siyasəti almaniyalı sahibkarların diqqətini cəlb edir, müştərək şirkətlərin sayı artır, energetika, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələr getdikcə genişlənir. Prezident İlham Əliyevin bu ilin fevralında Almaniyaya səfərinin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə böyük töhfə verdiyini deyən diplomat, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Kənd təsərrüfatı naziri İsmət Abasov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, alman xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. O, bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar