Alman kanalından Azərbaycana qarşı təxribat
26 İyul 2010 Bazar Ertəsi 15:25
Qarabağa həsr olunmuş filmdə həqiqətlər təhrif olunub.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) bu ölkənin ARTE televiziya kanalına etiraz məktubu göndərib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, buna səbəb həmin telekanalda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa həsr olunmuş filmin nümayişi olub.

Məlumata görə, iyulun 14-də ARTE telekanalında Dağlıq-Qarabağa həsr olunmuş “Dünyanın yüksək zirvələrində” (“Auf den Gipfeln der Welt“) sənədli filmi nümayiş etdirilib. İyulun 21-də film təkrar efirə verilib. Fransız rejissor Jan Mari Barrerin lentə aldığı filmdə Dağlıq Qarabağın uca dağlarından bəhs olunsa da, regiondakı siyasi proseslərə də toxunulub və bəzi məsələlər təhrif olunub, yanlışlığa yol verilib. Sənədli filmdə Dağlıq Qarabağdakı hadisələr birtərəfli, erməni nöqteyi-nəzərindən şərh olunaraq, faktlar qondarma və yalan şəklində tamaşaçıya təqdim edilib. Bununla əlaqədar AAKM-in ARTE teleşirkətinə təqdim etdiyi etiraz məktubunda hadisələrin obyektiv şəkildə işıqlandırılmaması, problemə birtərəfli münasibət, daha dəqiq desək, ermənipərəst mövqedən yanaşıldığı vurğulanır. Burada həmçinin, jurnalist etikasına yad olan zəif araşdırmalar tənqid edilir, plüralizmin hakim olduğu demokratik cəmiyyətdə media tərəfindən faktların təhrifinə yol verilməsi mənfi hal kimi qiymətləndirilir. Etiraz məktubunda Dağlıq Qarabağ həqiqətləri, Xocalı faciəsi, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi barədə də bilgi verilib, bu münaqişənin dinlə əlaqəli olmadığı vurğulanıb.

AAKM ARTE televiziya şirkətinə bu cür proqramlarda siyasi məsələlərə toxunarkən hər iki xalqın taleyi barədə həqiqi faktların açıqlanmasını tövsiyə edib, ermənilərin minlərlə azərbaycanlıya qarşı törətdikləri qanlı cinayətlər hesabına “qondarma müstəqilliyini” bayram etdiklərini ifşa edib. AAKM rəhbərliyi məktubda qeyd edib ki, bu, sivil cəmiyyətimizin iflasa uğraması deməkdir və Avropa mediasının peşə etikasına uyğun deyil. AAKM-in məktubunda gələcəkdə belə filmlərin nümayişinə yol verilməməsi tələb edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar